Amerikalı psixoloq Azərbaycanda da yaşasaydı belə düşünə bilərdi?
MK”nın amerikalı psixoloqu Susan McAninchə ona verilən bu maraqlı suala cavab verdi
- Salam, Susan xanım. Öncəliklə qeyd edim ki, Sizin rubrikanız oxucular tərəfindən maraqla qarşılanır. Bəzən müzakirələrdə deyirik ki, əgər Susan xanım Azərbaycanda yaşasaydı, fərqli düşünərdi. Əsasən də, biznes və ailə kimi məsələlərdə. Bu səbəbdən mənim üçün maraqlıdır: hər bir vətəndaşın dürüst, demokratik düşünəcələrini həyata keçirməsi üçün mühit məsələsi çox böyük çəkiyə malikdirmi? Yoxsa, rəhbər kənar faktorları nəzərə almadan, istər ailədə, istərsə də iş yerində Sizin qeyd etdiyiniz ideyaları həyata keçirə biləcək şərait yarada bilər?
Nicat Qurbanov
- Əziz Nicat, bir neçə dəfə oxucunun sualına cavab verəndə, deyd etmişəm ki, kaş, səninlə üzbəüz oturub bu məsələni ikilikdə müzakirə edə biləydim. Sənin sualın və şərhlərin həqiqətən də müzakirəyə layiqdir. Mənim Azərbaycan haqqında bilmək istədiyim elə çox şeylər var... Mən sənin ölkəndəki həyatı yalnız Azərbaycanda yaşadıqdan sonra başa düşə bilərəm, kənardan baxmaqla bunu heç zaman tam anlamaq mümkün deyil. Mən oxuculara yalnız amerikan təcrübəsi çərçivəsinə əsaslanaraq cavablar verməklə məhdudlaşmalı oluram, çünki bu, mənim bildiyim təcrübədir. Mənin cavabların Qərb psixologiya nəzəriyyələrinə və demokratik dəyərlərə əsaslansa belə, onlar yenə də mənim şəxsi fikrim olaraq qalır.
İstər Azərbaycanda olsun, istər də Amerikada, bizim həyatımızı, yaşam tərzini, ailə və ya biznes idarəetməsini, bir-birimizə qarşı davranışı və problemləri həll etmə qabiliyyətimizi dəyişmək və daha da inkişaf etdirmək ilə bağlı deyilən bütün təkliflər və ideyalar ilə bağlı yalnız bir məsələ qəti aydındırdır ki, onları söyləmək gerçəkləşdirməkdən qat-qar asandır. Dəyişiklik davamlı bir prosesdir və onun zamana ehtiyacı var. Bunlar elə-belə durduğu yerdə, sükunətdə baş vermir. Həmişə dəyişməli olan müxtəlif elementlər var ki, status-kvonun yaxşılığa doğru dəyişməsi və inkişaf etməsi üçün məhz onlar bir yerə toplanmalıdır. Sənin sualına gəldikdə isə, mən hesab edirəm ki, insanın hansı ölkədə yaşamasının böyük əhəmiyyəti var. Çünki tək bir lider dəyişiklik prosesini başlayıb, onu inkişaf etdirə bilər, amma cəmiyyətin əksəriyyətinin dəstəyi olmadan bu dəyişikliyin effektiv, davamlı və yaxşılığa doğru olması mümkün deyil.
Demokratik cəmiyyətin başlıca dəyərlərini nəzərdən keçirək: azadlıq hüququ, yəni sərbəst toplaşmaq, istədiyiniz kimi düşünmək və inanmaq hüququ (təbii ki, başqalarının azadlığına qəsd etmədən), işini dəyişmək, pul və şəxsi əmlak qazanmaq hüququ, hamı üçün siyasi, hüquqi və sosial bərabərlik və bir çox digər hüquq və azadlıqlar. Əlbəttə ki, bir çox insanlar ilk öncə öz ailə və evlərində bu dəyərlərə nail olmağa can ata bilərlər. Amma bu dəyərlər paylaşılmayan və ya tətbiq edilməyən bir ölkədə vətəndaşların həyatına siyasi qüvvələrin müdaxiləsi istisna deyil. Onlar bizim şəxsi həyatımıza nufuz edə bilər və edəcəklər də. Məsələn, qadınlara təhsil almaq və işləmək hüququ verməkdən imtina oluna bilər; ya da böyük pullar ümumi rifah əvəzində kiminsə şəxsi xüsusi maraqlarını müdafiə edə bilər; məişət zorakılığı və ya uşaq əməyinin, əhalinin digər çalışan hissəsinin əməyinin istismarını qadağan edən qanunvericilik olmaya da bilər. Və ya hökumət o qədər zəif ola bilər ki, insanların şəxsi rifahları qanunsuzluq və əsas ictimai xidmətlərinin yoxluğu üzündən ciddi təhlükə altında qala bilər.
Şəxsi həyatın cəmiyyətdən və siyasi mühitdən asılılığı o anlama gəlmir ki, insan öz həyatının və ya onun əhatə edən yaxınlarının həyatını yaxşılığa doğru dəyişməyə doğru addım ata bilməz və ya atmalı deyil. Neçə illər bundan əvvəl Amerikada qullara sahib olmaq qanuni idi. Onlar şəxsi mülk hesab olunur, heç bir hüquqa malik deyildi. Nəzərə alın ki, bütün bunlar “insanların bərabər hüquqlu yaradılması” haqqında prinsipin rəhbər tutulduğu bir dövlətdə baş verirdi. Avraam Linkoln bu qanunun dürüstlüyünü şübhə altına aldı, nəticədə qula sahib olmaq hüququnu itirməmək uğrunda qəddar vətəndaş müharibəsi baş verdi. Nəhayət Azadlıq Bəyannaməsi və Konstitusiyaya edilmiş 13-cü dəyişiklik ilə quldarlıq ləğv edildi. Azadlıq prosesinin ilkin mərhələsi uzun illər tələb etdi və bir çox insanların həyatı bahasına başa gəldi, amma hətta bu qədər zaman ötməsinə baxmayaraq Amerika insanlar arasında iddia etdiyi həqiqi bərabərlik hədəfinə nail olmayıb. Amma bir həqiqət var ki, əgər Avraam Linkoln və digərləri ilk addımı atmağa özlərində cəsarət tapmasaydılar, bu gün biz olduğumuz yerdə deyildik.
Bütün dəyişikliklər ilk addımdan başlayır. Əgər məndən bu sual-cavab sütunun əhəmiyyətini izah etməyi xahiş etsəydilər, deyərdim ki, soruşulan bu gözəl suallar və onların cavalandırmaq üçün söylənilən fikir və təkliflər özündə pozitiv dəyişikliyə doğru atılan ilk addımı əks etdirir.
Mənbə: “MK” jurnalının 42-ci sayı
P.S. “MK” jurnalının illik abunə qiyməti 50 manatdır. Qeyd edilən qiymətə jurnalın 12 sayının pulsuz olaraq çatdırılması daxildir Kitabı əldə etmək üçün əlaqə telefon nömrənizi [email protected] və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın