Baş mühasibin 4 yerdə işləməsinin misalla izahı
Əvəzçiliklə olaraq bağlanan əmək müqaviləsində iş saatları necə bölüşdürülməlidir?
Əvəzçiliklə bağlı təcrübədə rast gəlinən bir misala baxaq:
Tutaq ki, işçi Əliyev Əli dörd yerdə baş mühasib vəzifəsində çalışmaq istəyir.
İş qrafikini tutan Əliyev Əli qərara alır ki, dörd iş yerindən biri onun əsas iş yeri olsun və əmək kitabçasını ora təqdim etsin. Bu şərtlər daxilində onun əsas iş yerində bağladığı əmək müqaviləsinin 4-cü maddəsi aşağıdakı kimi olacaq:
İş və istirahət vaxtı üzrə
4.1. İşçi gündə 3 saat, həftə ərzində isə 15 saat işləyir.
4.2. İş saat 9.00-da başlayır, saat 12.00-də qurtarır.
4.3. Nahar vaxtı saat ------ dan saat ------dəkdir.
4.4. İşçi hər gün 3 saat natamam iş günü ilə işləyir.
4.5. İşçi həftədə 5 gün natamam iş həftəsi ilə işləyir.
4.6. İşçi iş vaxtından kənar vaxtda və ya işəgötürənin razılığı ilə iş vaxtı ərzində işəgötürənlə rəqabətdə olmayan müəssisədə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilər.
Əmək müqaviləsinə hökmən 4.6-cı maddə salınmalıdır. Təcrübədə dəfələrlə rastlaşmışıq ki, işçi işəgötürənlə başqa yerdə işləmək barədə razılaşsa da, bu əmək müqaviləsində əksini tapmır. İşəgötürən bu «boşluqdan» hər an işçinin işdən azad olunması üçün bir vasitə kimi istifadə edə bilər ki, əvəzçilik üzrə başqa yerdə işləməyinə razılıq verməmişəm. Ona görə də bu maddənin əmək müqaviləsinə salınmasını tövsiyə edirik.
Mühasibin ikinci iş yerində iş vaxtı əmək müqaviləsində aşağıdakı kimi əks etdirilə bilər:
4.1. İşçi gündə 2 saat, həftə ərzində isə 10 saat işləyir.
4.2. İş saat 14.00-dən başlanır, saat 16.00-da qurtarır.
4.3. Nahar vaxtı saat ------ - dan saat ------dəkdir.
4.4. İşçi hər gün 2 saat natamam iş günü ilə işləyir.
4.5. İşçi həftədə 5 gün natamam iş həftəsi ilə işləyir.
4.6. İşçi iş vaxtından kənar vaxtda və ya işəgötürənin razılığı ilə iş vaxtı ərzində işəgötürənlə rəqabətdə olmayan müəssisədə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilər.
Mühasibin üçüncü iş yerində iş vaxtı əmək müqaviləsində aşağıdakı kimi əks etdirilə bilər:
4.1. İşçi həftə ərzində 8 saat işləyir.
4.2. İş vaxtı saat 16.00-da başlayır, saat 18.00-də qurtarır.
4.3. Nahar vaxtı saat ------ - dan saat ----- dəkdir.
4.4. İşçi iş vaxtından kənar vaxtda və ya işəgötürənin razılığı ilə iş vax ərzində işəgötürənlə rəqabətdə olmayan müəssisədə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilər.
Mühasibin dördüncü iş yerində isə iş vaxtı əmək müqaviləsində aşağıdakı kimi əks etdirilə bilər:
4.1. İşçi həftə ərzində 6 saat işləyir.
4.2. İş vaxtı normalaşdırılmayıb.
4.3. İşçi iş vaxtından kənar vaxtda və ya işəgötürənin razılığı ilə iş vaxtı
ərzində işəgötürənlə rəqabətdə olmayan müəssisədə əlavə iş yerində əvəz-
çilik üzrə işləyə bilər.
Yuxarıdakı nümunələrdən aydın olur ki, işçi bir gündə və ya bir həftədə bir neçə yerdə işləyə bilər. Neçə yerdə işləməsindən asılı olmayaraq işəgötürənlərin bu işçi ilə bağlı bir-birindən asılılığı olmur. Ən aktual və maraqlı məqam isə misallarda göstərilən üçüncü və dördüncü iş yerlərilə bağlıdır.
Fikir versək, görərik ki, işçi üçüncü iş yerində saat 16.00-dan 18.00-ə kimi işləyə bilər və həftə ərzində 8 saat çalışmalıdır. Birinci halda işçi əgər özü üçün beşgünlük iş həftəsi nəzərdə tutubsa, 16.00-dan 18.00-kimi olan məhdud müddətdə birinci gün 1 saat, ikinci gün 2 saat, üçüncü gün 2
saat, dördüncü gün 1 saat, beşinci gün 2 saat işləyə bilər. Ola da bilər ki, işçi 1 saatlıq vaxtı həftənin digər günlərinə dəyişsin. Bu zaman işəgötürən işçinin birinci gün 1 saat, ikinci gün 2 saat işləməsinə irad tuta bilməz.
Burda əsas odur ki, işçi həftə ərzində 8 saat işləsin. Dördüncü iş yerində isə işçi həftə ərzində 6 saat işləməlidir və işçinin iş vaxtı normalaşdırılmayıb. Belə ki, həftəlik 6 saat olmaqla işçi istənilən
vaxt bu təşkilata gəlib işləyə bilər. Ola bilər ki, o, əsas iş yerindən icazə alsın və gəlib bu iş yerində işləsin, ya da nahar vaxtı dördüncü iş yerində əmək funksiyalarını yerinə yetirsin.
Mənbə: “Əmək Münasibətləri: A-dan Z-yə” kitabı
P.S. “Əmək Münasibətləri: A-dan Z-yə” kitabının satış qiyməti 20 manatdır. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir. Hal-hazırda kitabın satışı yekunlaşıb və yaxın zamanlarda çapı planlaşdırılır. Gələcəkdə kitabı əldə etmək üçün əlaqə telefon nömrənizi [email protected] və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın