Direktora əmək hesablanmırsa, ona görə maliyyə sanksiyası nəzərdə tutulur?
Vergilər Nazirliyi bu maraqlı məsələyə aydınlıq gətirir...
Sual: Müəssisə təsisçilərinin qərarına əsasən direktor kimi qeydiyyatdan keçmiş şəxs faktiki olaraq işə gəlmirsə, bu səbəbdən ona əmək haqqı hesablamaya bilərmi və əgər hesablanmalı olduğu halda hesablanmamışdırsa, bununla bağlı müəssisəyə hansı maliyyə sanksiyası tətbiq edilə bilər? Əvvəlcədən təşəkkürümüzü bildiririk.
Asif
Cavab: Bildiririk ki, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu əmək haqqı sayılır ki, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktiki hasilatına görə ödənilir. Əmək haqqı əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir (Əmək Məcəlləsi, maddələr 154.1, 155.3, 156, 171).
İş vaxtının rejimi qaydaları gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir (Əmək Məcəlləsi, maddə 95.1).
Əmək Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulmuş hallarda isə işçinin iş yeri və orta əmək haqqı saxlanılmalıdır.
Vergitutuma məsələlərinə gəldikdə bildiririk ki, qeyd olunanlar nəzərə alınmaqla əmək haqqının Əmək Məcəlləsinə uyğun olaraq düzgün təyin edilib əmək müqaviləsində əks etdirilməsi və ondan gəlir vergisinin tutulub dövlət büdcəsinə köçürülməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Bu tələblərə əməl olunmadığı təqdirdə işəgötürənə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyət tədbirləri görülür. Belə ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergi Məcəlləsinin 37-ci maddəsinin müddəalarına uyğun olaraq vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə kameral qaydada əlavə vergi məbləğləri də hesablana bilər.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın