İlin ortasında təqdim edilən əsas vəsaitin amortizasiya xərcləri hesablanıb silinməlidir?

İlin ortasında təqdim edilən əsas vəsaitin amortizasiya xərcləri hesablanıb silinməlidir?

Sual: Salam, Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən əsas vəsaitlərə amortizasiya illik hesablanır.

1.  Əvvəlki illərdə alınmış və ilin sonuna qalıq dəyəri olan əsas vəsait cari ildə təqdim edilərsə (məsələn ilin hər hansı bir vaxtında), təqdim edilən aydan ilin əvvəlinə qədər olan aylar üçün amortizasiya hesablanıb xərclərə daxil edilməlidir, yoxsa ilin əvvəlinə olan qalıqla təqdim edilməlidir?

2.       Cari ildə yeni alınmış və bir neçə ay istismar olunmuş əsas vəsait təqdim edilərsə (amortizasiya olunmuş ayların sayına uyğun olaraq qalıq dəyəri azaldılmış kimi) təqdim edilən aydan əvvəlki aylar üçün (məsələn; 3-8 ay) amortizasiya hesablanıb xərclərə daxil edilməlidir, yoxsa alınmış qalıqla (yeni alınmış kimi) təqdim edilməlidir?

Məcnun 

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Vergi Məcəlləsinin 114.6-cı maddəsinə əsasən amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:

əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Göründüyü kimi, əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanaraq gəlirdən çıxılır. İstər cari ildə istərsə də əvvəlki illərdə alınmış və vergi ili başa çatmadan təqdim edilmiş əsas vəsaitlərə amortizasiya ayırmalarının hesablanması və gəlirdən çıxılması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Odur ki, vergi ili başa çatmadan təqdim edilmiş əsas vəsaitlərə amortizasiya hesablanmamalı və onların təqdim edilməsi bazar qiyməti nəzərə alınmaqla həyata keçirilməlidir.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər