Minimum əmək haqqı və yaşayış minimumu

Minimum əmək haqqı və yaşayış minimumu

 

Vergilər Nazirliyi son dəyişiklikdən sonra əmək haqqı məsələsinə aydınlıq gətirir...

Sual: Minimum əmək haqqı və yaşayış minimumu arasında fərqi izah edə bilərsinizmi və minimum əmək haqqı yaşayış minimumundan az ola bilərmi? Əvvəlcədən təşəkkür edirəm.

Fərrux Əliyev

Cavab: Bildiririk ki, «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli Qanunu ilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilmişdir ki, həmin Qanun da 01.01.2013-cü il tarixdən qüvvəyə minmişdir. Qeyd olunan Qanunla əhalinin pul gəlirlərinin artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində dəyişiklik edilərək həmin maddədə hər iki halda «minimum əmək haqqının» sözləri «əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun» sözləri ilə əvəz edilmişdir. Bununla da fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlir 200 manatadək olduqda, əmək qabiliyyətli əhali üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minimumunun 1 misli (125 manat), illik gəliri 2400 manatadək olduqda isə əmək qabiliyyətli əhali üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minimumunun 12 misli (1500 manat) həcmində olan hissəsi gəlir vergisindən azad edilmişdir.

Eyni zamanda, Əmək Məcəlləsinin 155-ci maddəsinin müddəalarına uyğun olaraq aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.

Digər tərəfdən isə Əmək Məcəlləsinin 9-cu maddəsinin müddəalarına əsasən sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq və qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir.

Bununla belə, qeyd olunan normativ aktda işəgötürənlə işçilər arasında bağlanılan müqavilələrdə qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla əmək haqqı miqdarının tənzimlənmə mexanizminin əks olunması, orta əmək haqqının artım səviyyəsinin inflyasiyaya uyğun təmin edilməsi müəyyən edilir.

Bu isə öz növbəsində, işçi tərəfindən işəgötürəndən əmək qanunvericiliyinə uyğun olaraq bir tərəfdən görülən işlərin mürəkkəbliyinin attestasiya yolu ilə müəyyən edilməsini və müvafiq əmək funksiyalarını icra edərkən gördüyü işə uyğun olan ona əmək haqqının ödənilməsini, digər tərəfdən isə makroiqtisadi göstəriciləri nəzərə alaraq əmək haqqının tənzimlənməsini tələb edir.

“Yaşayış minimumu haqqında” 05.10.2004-cü il tarixli 768-IIQ nömrəli Qanunun 1-ci maddəsinə əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma, minimum əmək haqqı isə iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

“2013-cü il üçün Yaşayış minimumu haqqında” 30.11.2012-ci il tarixli 475-IVQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən isə 2013-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 125 manat məbləğində müəyyən edilmişdir.

Odur ki, minimum əmək haqqının məbləğinin Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə 93.50 manat məbləğində müəyyən olunmasına baxmayaraq muzdla işləyən fiziki şəxslərin tarif dərəcələri və vəzifə maaşları müəyyənləşdirilərkən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilməlidir.

Mənbə: Vergilər Nazirliyi

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər