Yeni məcəllədə vergi güzəştlərinin edilməsi hansı zəruriyyətdən yarandı?

Yeni məcəllədə vergi güzəştlərinin edilməsi hansı zəruriyyətdən yarandı?

Vergi güzəştləri haqqında Vergilər Nazirliyinin rəsmisi Akif Musayev açıqlama verib

- Akif müəllim, Vergi Məcəlləsinə son dəyişikliklərdə qanunvericiliklə sahibkarlıq subyektlərinə vergi güzəştlərinin miqyası əhəmiyyətli şəkildə artırılmışdır. Bu, hansı zərurətdən irəli gəlir?
- Vergilər maliyyə sisteminin bir hissəsi olmaqla dövlətin iqtisadi tənzimlənmə alətlərindən biri kimi çıxış edir. Dövlət vergi ödəyicilərinə bu və ya digər vergi güzəştlərini verərkən ilk növbədə vergi tənzimlənməsinin müxtəlif iqtisadi proseslərə təsirini gücləndirir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə vergi güzəştlərini iki əsas qrupa bölmək olar. Birinci qrupa daxil olan vergi güzəştləri, yuxarıda qeyd edildiyi kimi, sosial məqsəd daşıyaraq vergi ödəyicilərinin maddi vəziyyətinin yaxşılaşdırılmasına, ikinci qrupa daxil olan vergi güzəştləri isə stimullaşdırıcı xarakter daşıyaraq müəyyən sahələrin inkişafının təmin edilməsinə yönəldilmişdir.
Azərbaycanın yaxın illərdə qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımın qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Sənayenin innovasiyalar əsasında inkişafının təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır. Yaxın gələcəkdə dövlət investisiya siyasətində əsas istiqamətlərdən biri də sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması və qeyri-neft sənayesinin inkişaf etdirilməsi ilə bağlı olacaqdır. Bu proses artıq start götürmüşdür. Sumqayıt şəhərində Kimya Sənaye Parkı, Yüksək Texnologiyalar Parkı və Balaxanı Sənaye Parkının yaradılması bu istiqamətdə atılmış ilk addımlardır.
Bu baxımdan orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulmuşdur.
Hesab edirəm ki, Vergi Məcəlləsinə texnoparklarla bağlı edilmiş əlavə və dəyişikliklər iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək, layihələrin miqyasının artmasına, bu sahəyə investorların cəlb olunmasına, yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye məhsullarının istehsalına, yeni iş yerlərinin yaradılmasına imkan verəcəkdir.
Mənbə: AzərTac
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər