İnternet mağaza açmaq üçün hansı vergi prosedurlarını keçmək lazımıdr?
Sual: Salam. Mən internet mağaza açmaq istəyirəm, mənə qeydiyyatdan keçmək üçün nə sənədlər lazımdır? Əvvəlcədən təşəkkürlər.
Yusufov Emin
Cavab: Bildiririk ki, “Elektron Ticarət haqqında” Qanunun müddəalarına uyğun olaraq elektron ticarət informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyətə xüsusi razılıq (lisenziya) nəzərdə tutulan hallar istisna olmaqla, mövcud qanunvericiliyə müvafiq qaydada hüquqi şəxs dövlət qeydiyyatından keçdiyi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etdiyi andan satıcı (təchizatçı) kimi fəaliyyətə başlaya bilər.
Göründüyü kimi, sorğunuzda qeyd olunan fəaliyyət Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti hesab olunur və bu fəaliyyətlə məşğul olmaq istəyən fizik şəxslər Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə uyğun olaraq yaşadıqları yer üzrə vergi orqanına (müraciətinizə əsasən - Bakı şəhəri vergilər Departamentinin Vergi ödəyicilərinin uçotu idarəsinə) «Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ərizə» verməklə (ərizəyə şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur) uçota durmalıdırlar.
Bununla belə, Vergi Məcəlləsinin 33.2-ci maddəsinin müddəalarına əsasən fiziki şəxsin kimi sahibkarlıq fəaliyyətinizi həyata keçirildiyiniz təsərrüfat subyekti (obyekti) yerləşdiyi ərazi üzrə vergi orqanında uçota alınır (obyekt kodlaşdırılır). Bunun üçün təqdim edilən “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə“yə fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədlərin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir. Təsərrüfat subyekti (obyekti) uçota alınarkən vergi ödəyicisinə 15 rəqəmdən ibarət kodu özündə əks etdirən arayış verilir.
Eyni zamanda, internet səhifəmizin (www.taxes.gov.az) “E-Xidmətlər” bölməsindəki “Fərdi sahibkarın onlayn qeydiyyatı” adlı elektron xidməti seçərək “İnternet Vergi İdarəsi”nin “Onlayn kargüzarlıq və e-VHF” alt bölməsində “İstifadəçi təlimatları”ndan yararlanaraq fərdi sahibkar kimi elektron formada vergi uçotuna dura bilərsiniz.
Fiziki şəxs kimi vergi orqanında vergi uçotuna alındıqdan sonra yaranan vergi öhdəliklərin isə vergi tutulan əməliyyatlarınızın həcmindən və vergi uçotuna alınan zaman seçdiyiniz vergitutma sistemindən asılı olaraq müəyyən edilir.
Onu da xatırladırıq ki, sorğunuzda sahibkarlıq fəaliyyətinizi həyata obyekt icarəyə götürüldüyü təqdirdə Vergi Məcəlləsinin 124-cü maddəsinin müddəalarına uyğun olaraq fiziki şəxsdən əmlakı icarəyə götürən vergi ödəyicisi, həmin fiziki şəxsin vergi uçotunda olub-olmamasından və bağlanmış müqavilənin şərtlərindən asılı olmayaraq icarə haqqını həmin şəxsə ödəyərkən 14 faiz dərəcə ilə ödəmə mənbəyində vergini tutmalı, tutulmuş vergini büdcəyə köçürməli və “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə vergi orqanına bəyan etməlidir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın