Vergi Məcəlləsinə edilən yeni dəyişiklik olan dondurulmanın misalla izahı

Vergi Məcəlləsinə edilən yeni dəyişiklik olan dondurulmanın misalla izahı

 

"Dondurulma" əməliyyatı necə gün və hansı halda davam etməlidir?

Sual: Vergilər Nazirliyi tərəfindən gələn sərəncamlarda dəyişikliklər var. Belə ki, müştərinin hesabına sərəncam gəldikdə belə göstərilir məsələn 45 manat ödənməli 20 manat dondurulmalı. Deyək ki, biz müştəridən 65 manatı aldıq və 45 manatı köçürdük. Bəs bloklaşdırdığımız 20 manat nə olacaq? Nə vaxta qədər onu hesabda saxlayacayıq? Bir də nə üçün belə bir dəyişiklik edildiyini izah edə bilərsiniz?

 

Toğrul,  Bakı

Cavab: Bildiririk ki, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə “Bildiriş” göndərir (Vergi Məcəlləsi, maddə 65.1).

 

Bundan sonra vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları “Bildiriş”də göstərilən 5 gün müddətində ödənilmədikdə (vergi ödəyicisinin özü tərəfindən hesablanmış və bəyan edilmiş vergilər və onun yazılı razılığı olduğu hallar istisna olmaqla) vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə vəsaitin dondurulması haqqında müvəkkil banka və ya digər kredit təşkilatına icra sənədi olan Sərəncam  verir (Vergi Məcəlləsi, maddə 65.2).

Vergi ödəyicisinin özü tərəfindən hesablanmış və bəyan edilmiş vergilər vergi orqanının bu barədə ona göndərdiyi “Bildiriş”də göstərilən 5 gün müddətində ödənilmədikdə, vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsi barədə göndərilmiş “Bildiriş”in vergi ödəyicisi tərəfindən alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə, məhkəmənin müvafiq qərarı olduqda həmin qərara uyğun olaraq, vergi ödəyicisinin yazılı razılığı olduğu halda vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilər üzrə borcların dövlət büdcəsinə alınması üçün müvəkkil banka və ya digər kredit təşkilatına Borcların alınması haqqında icra (ödəniş) sənədi olan “Sərəncam” verir. Sərəncamları bank və digər kredit təşkilatı Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir (Vergi Məcəlləsi, maddə 65.2.1).

Vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsi barədə göndərilmiş “Bildiriş” alındığı tarixdən 30 təqvim günü müddətində vergi ödəyicisi tərəfindən məhkəməyə şikayət verildikdə isə dondurulma sərəncamı qüvvədə saxlanılmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qərarına uyğun olaraq müvəkkil banka və ya digər kredit təşkilatına verilmiş icra (ödəniş) sənədi olan “Sərəncam”ın icrası təmin edilir (Vergi Məcəlləsi, maddə 65.2.2).

Göstərilənlərə əsasən vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları “Bildiriş” alındığı tarixdən dondurulmuş məbləğə dair 30 gün ərzində müştəri məhkəməyə şikayət vermədikdə artıq növbəti gün vergi orqanı tərəfindən həmin dondurulmuş məbləğin büdcəyə alınmasına dair müvəkkil banka və ya digər kredit təşkilatına vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarına icra (ödəniş) sənədi olan “Sərəncam” verilir, müştəri məhkəməyə şikayət etdikdə isə vəsaitin dondurulması haqqında sərəncamı qüvvədə saxlanılmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qərarına uyğun olaraq verilmiş icra (ödəniş) sənədi olan “Sərəncam”ın icrası təmin edilir.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər