Elektron vergi hesab-faktura haqqında bilmədiklərimiz
Vergilər Nazirliyinin məlumatına əsasən, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyən şəxsin elektron vergi hesab-fakturası verməyə hüququ yoxdur (Vergi Məcəlləsi, maddə 176.1).
Elektron vergi hesab-fakturası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi forma üzrə hazırlanan və özündə aşağıdakı məlumatları əks etdirən sənəddir:
- vergi ödəyicisinin və alıcının (sifarişçinin) adı;
- vergi ödəyicisinin və alıcının (sifarişçinin) eyniləşdirmə nömrəsi;
- yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı;
- vergi tutulan əməliyyatın haqqının məbləği, həmçinin vergi tutulan əməliyyatın həcmi;
- aksizli mallarda aksizin məbləği;
- vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği;
- elektron vergi hesab-fakturasının verilmə tarixi;
- elektron vergi hesab-fakturasının nömrəsi;
- ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicisinin qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmə tarixi və nömrəsi;
- elektron vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı. (Vergi Məcəlləsi, maddə 176.2).
Onu da qeyd edək ki, vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borcludur (Vergi Məcəlləsi, maddə 176.3).
0 Komment
Şərh yazın