Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankının sertifikatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankının sertifikatına layiq görülüb

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı yardım proqramlarının effektivliyi nominasiyası üzrə Dünya Bankının sertifikatına layiq görülüb. Qeyd olunan sertifikat Dünya Bankının Azərbaycan hökuməti ilə əməkdaşlığının 20 ilinin tamam olması münasibətilə keçirilən tədbirdə təqdim edilib. Bu barədə çərşənbə günü Trend-ə nazirlikdən məlumat verilib.

Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri, Dünya Bankı ilə birgə icra olunan "Sosial müdafiənin inkişafı" layihəsinin (SMİL) direktoru Elnur Sultanov bu sertifikatın təqdim olunmasını nazirliyin Dünya Bankı ilə faydalı əməkdaşlığına, o cümlədən uğurla başa çatmış "Pensiya və sosial yardım" Layihəsi və bu layihənin davamı olaraq hazırda həyata keçirilən SMİL-in səmərəli icrasına verilən qiymət olduğunu, o cümlədən ünvanlı yardım proqramlarının aztəminatlı ailələrin yoxsulluq həddindən çıxarılmasına təkan verdiyini vurğulayıb.
Qeyd olunub ki, ƏƏSMN tərəfindən ölkədə həyata keçirilən sosial proqramlara dəstək verilməsi məqsədilə dünyanın nüfuzlu beynəlxalq təşkilatları, həmçinin Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) ilə uzunmüddətli səmərəli əməkdaşlıq əlaqələri qurulub. Bu əlaqələrin uğurlu nəticəsi kimi, ölkəmizdə mühüm sosial prioritetlərə dəstək verilməsi məqsədilə 2009-cu ilin əvvəlindən Dünya Bankı ilə birgə "Sosial müdafiənin inkişafı" layihəsinin icrasına başlanılıb.
Özündə çox geniş fəaliyyət istiqamətlərini birləşdirən SMİL-in əsas məqsədlərinə ölkədə əmək qanunvericiliyinə əməl olunması, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, məşğulluq sahəsində həyata keçirilən siyasətin inkişaf etdirilməsi, aktiv məşğulluq proqramlarının tətbiqi, aztəminatlı ailələr üçün sosial reabilitasiya proqramlarının həyata keçirilməsi, həmçinin respublikada ilk dəfə olaraq peşə standartlarının və təlim standartlarının işlənib hazırlanması daxildir.
Layihənin icrası nəticəsində əmək bazarı institutlarının inkişafı, sosial müdafiə tədbirlərinin və ünvanlılığın gücləndirilməsi, əlilliyi olan insanların hüquqlarının müdafiəsi, onlara göstərilən xidmətin çeşidlərinin və keyfiyyətinin artırılması, müxtəlif sektorlarda əməyin mühafizəsi üçün zəruri olan sağlam iş yerlərinin təmin olunması nəzərdə tutulur.
Ünvanlı sosial yardım proqramları ilə bağlı qeyd edək ki, hələ 2008-ci ildə Dünya Bankının keçirdiyi, respublika üzrə 6600 ev təsərrüfatını əhatə edən sorğunun nəticələrinə əsasən, ölkəmizdə icra olunan ünvanlı sosial yardım proqramının inkişaf etmiş, eləcə də inkişaf etməkdə olan ölkələrdə tətbiq edilən oxşar proqramlarla müqayisədə daha səmərəli olduğu, yardımın sırf yoxsullara ünvanlandığı, ünvanlılığın 90 faizdən yüksək olduğu qeyd edilib və bu göstərici digər ölkələrlə müqayisədə müsbət dəyərləndirib.
Həmçinin, sorğunun yekunları əsasında hazırlanmış hesabatda regionun digər ölkələri ilə müqayisədə Azərbaycanda sosial yardım proqramlarına ÜDM-ə nisbətdə daha az vəsait xərcləndiyi, fiskal səy kimi (ÜDM-ə nisbətlə ifadə olunur) Azərbaycanın sosial yardım proqramının yoxsulların əhatə olunması baxımından effektli icra edildiyi bildirilib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər