Əməkhaqqının ödənilməsi necə tənzimlənməlidir və hansı hallarda cərimə hesablanır?
Təcrübədə işçi ilə işəgötürən arasında rast gəlinən narazılıqlardan biri də əməkhaqqının ödənilməsi müddətidir. Əmək Məcəlləsinə əsasən, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans və qalıq hissə) on altı gündən çox olmayan fasilə ilə ayda iki dəfə verilməlidir.
Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayaraq maaş verilməlidir. Əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə bir gün əvvəl verilməlidir. İşçi işdən çıxarkən isə ona düşən bütün ödənişlər tam olaraq işdən çıxdığı gün verilməlidir.
Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən (əməkhaqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda) gecikdirildikdə, əgər bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, onda hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı 1(bir) faizi məbləğində əlavə verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda isə, məsələ əmək mübahisələri kimi nəzərdə tutulan qaydada həll edilir.
Əməkhaqqının gecikdirilməsi işəgötürənin təqsiri olmadan (təşkilatın müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq
maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi) baş verərsə, onda heç bir faiz hesablanılmır.
0 Komment
Şərh yazın