Çərşənbə, 25 Yanvar 2023 05:15

Öhdəsində əlil ailə üzvü olması haqqında sənədi təqdim etməyən işçinin əmək müqaviləsinə 79-cu maddə ilə xitam verilməsi qanun pozuntusudur?

Satışına START verilən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar müəyyənləşdirilib. Maraqlıdır ki, işəgötürən ixtisar etdiyi işçinin əmək müqaviləsinə xitam verərkən onun həmin kateqoriyaya aid olub-olmasını necə araşdırılmalıdır? Məsələ ilə bağlı maraqlı bir məhkəmə işinin detallarını nümunə üzərində nəzərdən keçirək.
Nümunə: İşçi __ ____ 2019-cu il tarixdə X saylı əmrlə X təhsil müəssisəsində müəllim vəzifəsinə işə qəbul edilib. İşçi X tarixli,Y saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad olunub.
İşçi ixtisara salınanda onun himayəsində sağlamlıq imkanları məhdud olan xx.xx.2007-ci il təvəllüdlü övladı olub. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqaviləsinin ləğv olunması qadağandır. O səbəbdən də işçi hesab edir ki, onun əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilməsi qanunsuzdur.
İşəgötürən isə hesab edir ki, əmək müqaviləsinə xitam verilən zaman və öncə işçi ailəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş ailə üzvü olması haqqqında məlumatı təqdim etmədiyindən, bu haqda məlumatlı olmayıb. Həmin sənəd məhkəmə zamanı təqdim olunduğu üçün ixtisar əmri qanunsuz hesab edilə bilməz.
Məhkəmənin yanaşması belə olub ki, ixtisar zamanı Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilənlərin araşdırılması işəgötürənin vəzifəsidir. Belə araşdırmanın aparılmadığı aşkardır, çünki əgər araşdırma aparılsaydı, işçinin tutduğu vəzifəsindən azad olunmasının yolverilməzliyi aşkara çıxardı.
Məhkəmə prosesindən göründüyü kimi, işəgötürən əmək müqaviləsinə xitam zamanı Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini araşdırmalı və ixtisar etdiyi işçi ilə bağlı Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan halların mövcud olmadığını aşkara çıxarmalıdır.

 

Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. ƏMAS platforması A-dan - Z-yə 

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 

6. Mühasibat uçotu

Şərh yazın