Əmək məzuniyyətinin müddəti ilə bağlı VACİB 2 MƏQAM
“Əmək Münasibətləri: A-dan Z-yə 2018” kitabından seçmə
Əmək məzuniyyəti işçinin işlədiyi işdən, vəzifədən asılı olaraq müxtəlif müddətdə müəyyənləşdirilir. Əmək Məcəlləsində əmək məzuniyyətinin minimum müddəti 21 təqvim günündən az olmayaraq müəyyənləşdirilib. Bəzi hallarda təşkilatlarda əmək məzuniyyətinin minimum müddəti ilə onun hissələrə bölünərək istifadə olunmasını qarışdırırlar. Bununla bağlı təcrübədə qarşılaşdığımız bir misal üzərində fikrimizi izah edək. İşçi məzuniyyət hüququndan 15 təqvim günü istifadə edib. Bu zaman baş mühasib irad tutur ki, işçinin minimum məzuniyyət hüququ 21 təqvim günü olduğundan onu tam verməli idiniz. Kadrlar üzrə mütəxəssis isə iddia edir ki, həmin işçini 15 günlük məzuniyyətə buraxa bilərəm. Amma bu vəzifəli şəxslərin heç biri fikrini qanunvericiliklə izah edə bilmir, çünki təcrübədə belə hallarla qarşılaşmayıb.
Onlara izah olundu ki, işçi əmək məzuniyyətinin 15 günündən istifadə edə bilər. Amma bu o demək deyil ki, işçi sonradan qalan 6 gündən yararlanmayacaq. Əmək Məcəlləsinə əsasən, bu, məzuniyyətin hissələrə bölünməsi sayılır. Qanunla işçi məzuniyyətindən hissələrə bölməklə istifadə edə bilər.
Bayaq qeyd etdiymiz kimi işçinin bir ildə ən azı 21 təqvim günü əmək məzuniyyəti hüququ var. Ola bilər ki, əmək müqaviləsində əmək məzuniyyətinin müddəti daha çox nəzərdə tutulsun. Əmək məzuniyyətinin müddətilə bağlı təcrübədə qarşılaşdığımız bir hadisəyə nəzər salaq. İşçi ilə bağlanılmış əmək müqaviləsində əmək məzuniyyətinin müddəti 27 təqvim günü müəyyənləşdirilib. Həmin işçi də təbii ki, əmək müqaviləsində yazıldığı kimi 27 gün əsas əmək məzuniyyətindən istifadə edib. Sonradan DƏMX-nin vəzifəli şəxsləri həmin müəssisədə yoxlama apararkən bildiriblər ki, həmin işçiyə ancaq 21 gün məzuniyyət verə bilərsiniz. Ancaq Əmək Məcəlləsinin 114-cü maddəsini onların diqqətinə çatdırdıqdan sonra razılaşdılar ki, 27 təqvim günü məzuniyyətin verilməsi qanunidir. Demək istədiyimiz odur ki, əmək məzuniyyəti 21 təqvim günündən çox verilə bilər. Ancaq 21 təqvim günündən az əmək məzuniyyətinin verilməsi artıq işçinin hüquqlarının pozulmasıdır və buna görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq cərimələr tətbiq olunur.
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA
Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
1 Komment
Ülviyə 09 İyul 2019
Salam. Mən öyrənmək istəyirdim ki, əgər işçi əmək məzuniyyətini hissələrə bölərsə və o hissələrdən biri 14 təqvim günü, digəri 12 təqvim günü vermək olarmı? Və bu 12 günü və ya 7-8 günü ayrılıqda vermək olarmı?
Şərh yazın