Hansı hallar xidmət yox əmək müqaviləsi ilə tənzimlənməlidir?

Hansı hallar xidmət yox əmək müqaviləsi ilə tənzimlənməlidir?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 2-3-cü maddəsinə əsasən, aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir:
- müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda (Maddə 2-3.1. )
Əmək Məcəlləsinin 43-cü maddəsinin ikinci hissəsində əmək müqaviləsində mütləq göstərilməli əsas şərtlər və məlumatlar təsbit olunub. Məcəllənin 44-cü maddəsinin ikinci hissəsində isə, tərəflərin razılığı ilə əmək müqaviləsinin Məcəllənin əlavəsindəki nümunəvi formaya uyğun tərtib edilməsi xatırladılır. Göründüyü kimi əgər işəgötürənlə işçi arasında münasibətlər məzmunca əmək müqaviləsində əks etdirilən şərtlərə və məlumatlara, formaca əmək müqaviləsinin nümunəvi formasına uyğun gəlirsə, demək, tərəflər əmək münasibətlərinə giriblər. Və artıq bu münasibətlər mülki hüquqi müqavilərlə rəsmiləşdirilə bilməz.
- bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə (Maddə 2-3.2. )
Əmək Məcəlləsinin 48-ci maddəsi əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərlə bağlıdır. Təbii ki, işçi tərəfindən qeyd edilən sənədlərin, o cümlədən əmək kitabçasının təqdim olunması əmək münasibətlərinin yaranmasına əsas verir.
- tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda (Maddə 2-3.3. )
Digər meyar işəgötürən tərəfindən işə qəbul olunma və təyin etmə ilə bağlıdır. Təsdiq edilən dəyişiklikdən göründüyü kimi, ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma səbəbindən işçi işə qəbul olunursa və ya təyin edilirsə, o zaman yaranan münasibətlər əmək münasibətləri hesab edilir. Misal üçün, işçi məhkəmənin qərarı ilə işə bərpa olunursa, o zaman onunla mülki xarakterli müqavilə imzalanmamalıdır. Daha bir misal, müsabiqə nəticəsində işə qəbul edilən şəxslə işəgötürən mütləq əmək müqaviləsi imzalamalıdır.
- tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda (Maddə 2-3.4. )
Fikrimizcə, təsdiq edilən dəyişiklik əmək münasibətlərinin xarakterizə (təyin) olunması baxımından çox mühüm meyardır. Məsələn, kredit təşkilatı mülki hüquqi müqavilə ilə kredit satışının həyata keçirirsə, bu, qanunazidd sayılacaq. Çünki kredit satışı kredit təşkilatının əsas fəaliyyət sahəsidir, işidir. Bu halda əmək müqaviləsinin bağlanılması mütləq tələbdir. Başqa bir misal. Topdansatış fəaliyyəti həyata keçirən işəgötürən satış işini həyata keçirən şəxslə xidmət müqaviləsi bağlayıbsa, bu da yanlış hesab ediləcək və əmək müqaviləsinin bağlanılması təmin olunacaq.
Təsdiq olunan dəyişiklikdə əsas diqqət yetiriləsi məqam işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi olsa da, müddət məsələsi ilə sıx bağlılğı var. Çünki işəgötürənin əsas işinin (xidmətinin) həyata keçirilməsi müddətsizdir, ən azından fəaliyyətini dayandırana və ya müflis olana qədər daimidir. Misal üçün, IT mütəxəssisi malların elektron ticarətlə satışını həyata keçirən işəgötürənə sayt hazırlayır. Sayt işəgötürənin əsas fəaliyyəti ilə bağlıdır, çünki sayt vasitəsilə məhsulların satışını həyata keçirəcək. Ancaq əsas fəaliyyəti deyil! İşəgötürənlə münasibətdə olan mütəxəssisin həyata keçirdiyi işin (xidmətin) müddəti, eyni zamanda xidmət göstərən şəxsin öz əmlakından və öz iş yerindən istifadə edərək bunu həyata keçirməsi qeyd olunan münasibəti əmək yox, mülki münasibət kimi dəyərləndirməyə imkan verir.

- tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda (Maddə 2-3.5.)
Burada diqqəti cəlb edən iki məqam var. Birincisi, işlərin (xidmətlərin) əvəzçilik qaydasında yerinə yetirilməsi halıdır. Əmək Məcəlləsinin 58-ci, “Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi” maddəsinə əasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. İşəgötürən və fiziki şəxs arasında yaranan, əvəzçilik qaydasında işlərin (xidmətlərin) yerinə yetirilməsini nəzərdə tutan münasibət əmək münasibətidir. İkinci məqam işlərin müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsidir. Misal üçün, işçi qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə etdikdə, başqası tərəfindən həmin vəzifə üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsi əmək münasibətləri yaradır.
- yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə (Maddə 2-3.6.)
Bu hala təcrübədə rast gəlinir. Misal üçün, işəgötürən müvəqqəti xarakter daşıyan işlərinin görürlməsi məqsədilə fiziki şəxslə mülki hüquqi müqavilə imzalayırdı. Sonradan həmin mülki hüquqi müqaviləni eyni dövr üzrə uzadırdı. Artıq bu kimi hallar əmək münasibətlərinin yaranması anlamına gəlir.
- yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda (Maddə 2-3.7. )
Əmək Məcəlləsinin 157-ci, “Əməyin ödənilməsi sistemi və növləri” maddəsinin üçüncü hissəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Bir misala baxaq. İşəğötürən ona xidmət göstərməsi üçün fiziki şəxslə mülki hüquqi müqavilə imzalayır. Müqavilədə nəzərdə tutulur ki, xidmətin nəticələrinə görə dövri olaraq ona mükafat verəcək və ya işlər gecə vaxtı görüləndə xidmət haqqına əlavələr hesablanacaq. Dövlət qurumu işəgötürən və fiziki şəxs arasında bağlanan müqavilədə xidmət haqqının bu cür müəyyənləşdirildiyini aşkar etdikdə, onu mülki yox, əmək münasibətləri kimi qiymətləndirir.
- müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda (Maddə 2-3.8. )
 Əmək Məcəlləsinin 10-cu (Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri), 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları), 112-ci (Məzuniyyətin növləri), 179-cu (İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar) və 186-cı (Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) maddələrində qeyd edilən məsələlər işəgötürənlə fiziki şəxs arasında bağlanan müqavilə ilə tənzimlənərsə, onlar əmək münasibətləri kimi xarakterizə olunur.
Əmək Məcəlləsinin 2-4-cü maddəsinə əsasən, bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır.
Əmək Məcəlləsinin 2-3-cü maddəsində sadalanan hallar (meyarlara əməl olunmaması) aşkar olunarsa, o halda Əmək Məcəlləsinin 7-ci, “Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi” maddəsinin ikinci hissəsinə uyğun olaraq, əmək müqaviləsi bağlanmalıdır və əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranmalıdır. Təklif edilən dəyişiklikdə, diqqət çəkən digər məqam əmək münasibətlərinin yaranmasının aşkar edildiyi gündən hesablanmasıdır. 
Məsələn, işəgötürən fiziki şəxslə 1 yanvar 2022-ci ildə mülki hüquqi müqavilə imzalasa da, dövlət qurumu bunu 10 mart 2022-ci il tarixdə aşkar edib. Bu zaman əmək münasibətlərinin 1 yanvar 2022-ci il tarixdən yox, 10 mart 2022-ci ildən (aşkar olunduğu tarixdən) tətbiq edilməsi nəzərdə tutulur.
Sonda bir vacib məqama aydınlıq gətirmək istəyirik. Mülki hüquqi müqavilə  dedikdə, həm fiziki şəxs vergi ödəyicisi ilə (VÖEN-i olan), həm də adi vətəndaşla bağlanan müqavilələr nəzərdə tutulur. Mülki hüquq müqavilə ilə xidməti göstərən hüquqi şəxs olduqda, təbii ki, əmək münasibətləri yaranmır. Çünki əmək münasibətlərinin yaranmasında iştirak edən tərəflərdən biri - işçi dedikdə, işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs başa düşülür. Deməli, hüquqi şəxs işəgötürənlə əmək münasibətlərində tərəf (işçi) ola bilməz.
Onu da xüsusi olaraq vurğulamaq istəyirik ki, təsdiq olunan dəyişikliklərdə əsas məqsəd işəgötürənlərin əsassız olaraq əmək müqaviləsi deyil, VÖEN-i olan fiziki şəxslərlə mülki hüquqi müqavilə bağlamasının qarşısını almaqdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər