Altay Cəfərovun təqdimatında: Əcnəbilərə iş icazələrinin verilməsi ilə son dəyişikliklərin izahı

Altay Cəfərovun təqdimatında: Əcnəbilərə iş icazələrinin verilməsi ilə son dəyişikliklərin izahı

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə son dəyişikliklərdən biri də əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlıdır. Yeniliyi “vergiler.az”a sərbəst auditor Altay Cəfərov şərh edir.

Bununla bağlı Miqrasiya Məcəlləsinin 64-cü maddəsinə əlavələr edilib. Məcəllənin 64.0-cı maddəsinə əsasən, aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur:

- xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə;

- Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərlərinə və həmin hüquqi şəxsin nizamnamə kapitalında azı 51 faiz paya (səhmə) malik təsisçiyə (təsis etdiyi hüquqi şəxsdə fəaliyyət göstərdikdə).

Göründüyü kimi 64.0.13.-cü maddədə köklü dəyişikliklər edilib. Odur ki, 64.0.13-1.-ci maddə üzrə əcnəbi və vətəndaşlığı olmayan (sonrakı mətndə xarici vətəndaş) şəxsin Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin tələb edilməməsini aşağıdakı kimi başa düşməliyik:

- Sadə formada desək, xarici ölkə vətəndaşı iş icazəsi olmadan işləmək üçün işlədiyi hüquqi şəxs xarici investisiyalı şəxs olmalıdır.

- Azərbaycan Respublikasında təsis edilmiş həmin hüquqi şəxsin təsisçilərinin hamısı və ya biri xarici hüquqi şəxs və ya fiziki şəxs olmalıdır.

- Həmin hüquqi şəxsin təsisçilərinin tərkibində xarici hüquqi şəxs də ola bilər, eyni zamanda fiziki şəxs də ola bilər.

- Təsisçilərdən biri xarici hüquqi şəxs və ya fiziki şəxs olduqda, Azərbaycan Respublikasında qeydiyyata alınmış həmin hüquqi şəxsin xarici fiziki şəxs rəhbərinə (direktor və ya qanuni təmsilçi) iş icazəsi tələb edilmir. Belə olan halda, xarici fiziki şəxsin Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxsin təsisçisinin olması vacib deyil. Yəni, istənilən xarici fiziki şəxs rəhbər ola bilər və iş icazəsi tələb olunmur.

- Təsisçilərdən biri xarici hüquqi şəxs və ya fiziki şəxs olduqda, Azərbaycan Respublikasında qeydiyyata alınmış həmin hüquqi şəxsin xarici fiziki şəxs rəhbər müavinlərinə və digər vəzifəli şəxslərə iş icazəsi tələb edilir. Amma əvvəlki qaydalarda rəhbər müavinlərinə də iş icazəsi tələb edilmirdi. Göründüyü kimi son dəyişiklik qaydaları bir az da sərtləşdirib.

- Azərbaycanda təsis edilmiş hüquqi şəxsdə 51 faiz və daha çox paya (səhm) malik olan xarici fiziki şəxs təsisçi həm rəhbər, həm rəhbər müavini və həm də istənilən vəzifədə işləmək üçün ona iş icazəsi tələb olunmur. Yəni, iş icazəsi olmadan istənilən vəzifədə işləyə bilər.

Misal 1: “AA” MMC-nin təsisçisi 100% paya malik olmaqla Türkiyə Respublikasının rezidenti xarici vətəndaşdır. Həmin təsisçi rəhbər (qanuni təmsilçi) kimi dövlət qeydiyyatına alınıb və rəhbər kimi əmək fəaliyyətinə başlamaq istəyir.

Təsisçi üçün iş icazəsi tələb edilmir.

Misal 2: “AA” MMC-nin təsisçisi 100% paya malik olmaqla Türkiyə Respublikasının rezidenti xarici vətəndaşdır. Həmin təsisçi yox, başqa bir Almaniya vətəndaşı rəhbər (qanuni təmsilçi) kimi dövlət qeydiyyatına alınıb və rəhbər kimi əmək fəaliyyətinə başlamaq istəyir. Həmin Almaniya vətəndaşına iş icazəsi tələb edilmir.

Misal 3: Yuxarıdakı misalların davamı kimi: “AA” MMC-nin təsisçisi Türkiyə Respublikasının rezidenti xarici vətəndaşın təsisçiliyi 10% paya malikdir.

Buna baxmayaraq, həmin təsisçi və ya Almaniya vətəndaşı üçün iş icazəsi tələb edilmir.

Misal 4: Yuxarıdakı bütün hallarda rəhbər müavinlərinə iş icazəsi tələb edilir.

Misal 5: “BB” MMC-nin təsisçisi 51% paya malik olmaqla Türkiyə Respublikasının rezidenti xarici vətəndaşdır. Həmin təsisçi rəhbər (qanuni təmsilçi) kimi dövlət qeydiyyatına alınıb və rəhbər kimi əmək fəaliyyətinə başlamaq istəyir.

Təsisçi üçün iş icazəsi tələb edilmir.

Misal 6: “BB” MMC-nin təsisçisi 51% paya malik olmaqla Türkiyə Respublikasının rezidenti xarici vətəndaşdır. Həmin təsisçi rəhbər müavini kimi əmək fəaliyyətinə başlamaq istəyir. Təsisçi üçün iş icazəsi tələb edilmir.

Misal 7: “AA” MMC-nin təsisçisi 51% paya malik olmaqla Türkiyə Respublikasının rezidenti xarici vətəndaşdır. Həmin təsisçi mühəndis kimi əmək fəaliyyətinə başlamaq istəyir. Təsisçi üçün iş icazəsi tələb edilmir.

Misal 8: “AA” MMC-nin təsisçisi 50,99 % paya malik olmaqla Türkiyə Respublikasının rezidenti xarici vətəndaşdır. Həmin təsisçi rəhbər müavini kimi əmək fəaliyyətinə başlamaq istəyir. Təsisçi üçün iş icazəsi tələb edilir.

Misal 9: “BB” MMC-nin təsisçiləri 30% paya malik olmaqla Türkiyə Respublikasının rezidenti xarici vətəndaş və Türkiyə Respublikasının rezidenti olan digər hüquqi şəxsdir .Təsisçi olan Türkiyə Respublikasının hüquqi şəxsinin də 100% paya malik olan təsisçisi “BB” MMC-nin digər türkiyəli xarici fiziki şəxs təsisçisidir. Belə olan halda, Türkiyə Respublikasının həmin rezidenti xarici vətəndaş icazəsiz əmək fəaliyyətini həyata keçirə bilərmi?

Miqrasiya Məcəllənin 64.0.13-1.-ci maddəsində qeyd olunan ifadə belədir: “51 faiz paya (səhmə) malik təsisçiyə”. Deməli, burada təsisçilik payının birbaşa və ya dolayı olması haqqında heç bir tələb qoyulmayıb. Belə birbaşa tələb qoyulmadığına görə artıq asılılıq prinsiplərini digər qaydalara əsaslanmaqla müəyyənləşdirməliyik. Burada artıq törəmə, asılı, birgə müəssisələr kimi yanaşmalara əsaslanmalıyıq.

Odur ki, xarici fiziki şəxs təsisçinin birbaşa olmasa da digər müəssisədə olan payı ilə birlikdə 51 faiz və daha çox olduqda iş icazəsi tələb edilməyəcək.

Yuxarıdakı misalda xarici vətəndaşın birbaşa payı 30% və digər qeyri-rezident hüquqi şəxsdə də payı 100% olduğuna görə ümumilikdə “BB” MMC-də Türkiyə Respublikasının həmin vətəndaşının payı 100% təşkil edəcək və ona iş icazəsi tələb edilməyəcək.

Sadəcə belə hallarda Miqrasiya orqanlarına normal sənədlər təqdim edilməlidir və açıqlamalar verilməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

 

0 Komment

    Şərh yazın

    Xəbərlər