İşəgötürənlər məşğulluq orqanlarına hansı məlumatları təqdim etməyə borcludurlar?

İşəgötürənlər məşğulluq orqanlarına hansı məlumatları təqdim etməyə borcludurlar?

Satışı  yekinlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, işəgötürənlər müvafiq dövlət qurumuna məşğulluqla bağlı hesabatlar təqdim etməlidirlər. “Məşğulluq haqqında” AR Qanununun 18-ci maddəsinin (Məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakı) 2-ci bəndinə əsasən:

- İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidirlər.

Mİsal . “A” MMC qərar verir ki, marketinq departamentinin ləğv edilməsi nəticəsində 5 işçini, satış departamentindən isə 2 işçini ixtisar etsin.  Əmək Məcəlləsinin 77-ci, “ Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları” maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;

bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;

beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;

on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

Deməli, “A“ MMC yuxarda qeyd edilən müddətdən az olmayaraq, işçilərin sayının azalması və ştatların ixtisarı ilə bağlı məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. Bu formanın tətbiqinin məqsədi odur ki, məşğulluq idarələri işdən çıxarılacaq işçilər haqqında məlumat əldə etsin və onların işlə təmin olunması ilə bağlı işlər görsün.

Bu forma aylıq, rüblük və ya illik təqdim olunmur, yalnız işçilərin sayı və ştatları ixtisar edildikdə təqdim olunmalıdır.

Qanunun 18-ci maddəsinin 4-cü bəndinə əsasən, işəgötürənlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatlar təqdim etməlidirlər.

Dövriliyi aylıq olan bu hesabat forması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq idarəsinə növbəti ayın 10-a kimi təqdim olunmalıdır. Təşkilatlar bu hesabat forması vasitəsilə işçilərin sayı, daxil olan və işdən çıxan işçilər haqqında məlumatlar təqdim edirlər. Formanin təqdim olunmasında məqsəd işəgötürənin boş iş yerlərinə işçi qəbul edib-etməməsi barədə səhih məlumat əldə etməkdir.

Qeyd edək ki, məlumatların verilməsi elektron formada həyata keçirilməlidir. Belə ki, “Məşğulluq haqqında” AR Qanununun 18-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq yuxarıda qeyd edilən hesabatlar Əmək və Əhalilin Sosial Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil edilir.

Qanunun 18-ci maddəsinin 3-cü bəndinə görə, işəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əmək haqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 29 iyun 2018-ci il tarixli, 1196-VQ nömrəli Qanununun tətbiqi barədə Prezident Fərmanında Nazirlər Kabinetinə tapşırılırdı ki, yeni qaydalar hazırlayaraq təsdiq etsin. Nazirlər Kabinetinin 16 sentyabr 2019-cu il tarixli, 411 saylı qərarı ilə “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması” təsdiq edilib.

 

Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi uçotu: A-dan Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. ƏMAS platforması A-dan - Z-yə

5. Əməyin uçotu: A-dan Z-yə (III nəşr)

6. A-dan Z-yə: Kargüzarlıq (V nəşr)

7. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

8. Mühasibat uçotu
 
 

0 Komment

    Şərh yazın