İşəgötürən hansı hallarda işçini məcburi müayinədən keçirməlidir?

İşəgötürən hansı hallarda işçini məcburi müayinədən keçirməlidir?

Satışı yekunlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

İşəgötürən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını həyata keçirməlidir. Bu haqda geniş məlumatı kitabın “İcbarı sığorta” bölməsində qeyd etdiyimizdən burada yalnız icbari tibbi müayinələr haqqında danışacağıq.

Əmək Məcəlləsinin 226-cı, “İcbari tibbi müayinələr” maddəsinə əsasən, ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 15 may 2014-cü il tarixli, 24/2 nömrəli qərarı ilə “İcbari tibbi müayinələrin keçirilməsi Qaydaları” təsdiq olunub.

Kitabın üzərindəki CD diskdə yerləşdirilən qərarda qeyd edilib ki, ilkin icbari tibbi müayinələr işçinin sağlamlıq vəziyyətinin görəcəyi işə uyğunluğunun və işçinin əmək fəaliyyətinin nəticəsi olaraq sonradan yaranan xəstəliklərin təyin edilməsi məqsədilə aparılır. Dövri icbari tibbi müayinələrə gəlincə isə ağır, zərərli və təhlükəli istehsalat amillərinin, işçinin sağlamlığına təsiri, bu təsir nəticəsində yaranan xəstəliklərin ilkin əlamətlərinin aşkar edilməsi, işçilərin səhhətinin dinamik müşahidəsi, bədbəxt hadisələr, peşə xəstəlikləri, infeksion və parazitar xəstəliklərin qarşısını almaq məqsədilə aparılır.

İcbari tibbi müayənin kim tərəfindən aparılmasına gəlincə, dövri müayinələr işçinin yaşadığı və ya iş yerinin yerləşdiyi ərazi üzrə müalicə-profilaktika müəssisələri tərəfindən aparılmalıdır.

Əmək Məcəlləsinin 226-cı maddəsinə əsasən, işçilər icbari tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, işəgötürən Əmək Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər.

Mİsal 1. İşəgötürən qərar verir ki, işçi dövri icbari tibbi müayinədən keçsin, amma işçi bundan imtina edir. Bu zaman işəgötürən baş verən halı rəsmiləşdirir və qərar verir ki, işçi işdən kənarlaşdırılsın. Bu cür proseslə işdən kənarlaşdırılan işçiyə Əmək Məcəlləsinin 62-ci maddəsinin üçüncü hissəsinə əsasən, əmək haqqı hesablanmır.

Mİsal 2. İşçinin ilkin və ya dövri tibbi müayinə vaxtı olmasına baxmayaraq, o, hər hansı üzrlü səbəbdən bu tip müayinədən keçmir. Əmək qanunvericiliyi imkan verir ki, işəgötürən bu halda işçini işdən kənarlaşdırsın. Amma birinci misaldakı haldan fərqli olaraq, Əmək Məcəlləsinin 62-ci maddəsinin ücüncü hissəsinə əsasən, üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əmək haqqı ödənilir. 

Qeyd edək ki, təşkilatımızın digər bir nəşrində - “A-dan Z-yə Kargüzarlıq” kitabında işçinin işdən kənarlaşdırılması halları ilə bağlı konkret misallar təqdim olunub və nümunəvi sənəd formalarının köməyi ilə bu halların düzgün rəsmiləşdirilməsi verilib.

Tibbi müayinə işçinin səhhətində problem aşkar etdikdə, istər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 15 may 2014-cü il tarixli, 24/2 nömrəli qərarı ilə “İcbari tibbi müayinələrin keçirilməsi Qaydaları”nda, istərsə də Əmək Məcəlləsində tibbi müayinənin nəticəsinə uyğun olaraq işçinin müvəqqəti və ya daimi başqa işə keçirilməsi nəzərdə tutulur.

Qaydaların 2.14-cü bəndi və Əmək Məcəlləsinin 231-ci maddəsində qeyd edilir ki, səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər