İşçi əmək müqaviləsi müddətinin bitdiyi gün xəstəlik vərəqəsi təqdim edərsə onu işdən azad etmək olar? (Məhkəmə numünəsi)
Satışına START verilən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə
Təcrübədə rast gəlinən hallardan biri də, müddətli əmək müqaviləsinin bitdiyi gün işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi haqqında xəstəlik vərəqəsi təqdim etməsidir. Bu halla bağlı bir məhkəmə işinin təfərrüatlarını nümunə kimi təqdim edirik.
Nümunə: İşçi xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsi ilə işə qəbul edilib. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 05-X nömrəli əmri ilə işçi ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarmasına) əsasən xitam verilib.
Poliklinika tərəfindən işçiyə verilmiş əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsinə əsasən, işçi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstə olub. İşçinin xəstəlik vərəqəsinin başlanma tarixi ilə işdən azad olunma tarixi üst-üstə düşür.
İşəgötürən bildirib ki, işçinin də etiraf etdiyi kimi, o, əmək müqaviləsinə xitam verildiyi gün, eləcə də, bütün iş həftəsi ərzində işdə olub və öz əmək funksiyalarını icra edib. İşin bu halı mübahisə doğurmayıb, işəgötürən tərəfindən təqdim edilmiş video görüntülərlə sübuta yetirilib.
Məhkəmə hesab edib ki, qanunvericiliyə əsasən, işçinin müəyyən üzrlü səbəbdən (məsələn, xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması və s.) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddətinin qurtarmasına görə ləğv olunmasına işçinin işə çıxmasından sonrakı bir həftə ərzində yol verilir (ƏM, maddə 73, hissə 2). Bu normanın məqsədi göstərilən səbəblərdən işə çıxa bilməyən (iş yerində olmayan) işçini qorumaqdır. Ona görə də, bu qaydanın tətbiq edilməsi üçün normadakı zəruri dispozisiya şərti işçinin xəstəlik vərəqəsinin olması deyil, işçinin özünün iş yerində olmamasıdır. Əgər əmr verilərkən işçi iş yerində olmuşsa, xəstəlik vərəqəsinin mövcudluğu Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tətbiqi üçün əsas sayıla bilməz. İşçi əmrin verildiyi həftə və həmin gün işdə olduğunu və əmək funksiyasını icra etdiyini həm iddia ərizəsində, həm də birinci və apellyasiya instansiyası məhkəmələrində verdiyi izahatlarında da göstərib.
Məhkəmənin yanaşmasına görə, xəstəlik vərəqəsinin mövcud olması səbəbindən həmin vaxt iş yerində olmuş işçinin əmək müqaviləsinin müddətinin bitməsinə görə ləğv edilməsi barədə əmrin qanunsuz sayılaraq işçinin işinə bərpa edilməsi, mülki işin müəyyən edilmiş hallarına, tərəflərin qarşılıqlı münasibətinə və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun deyil.
Məhkəmənin mövqeyindən də göründüyü kimi, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik vərəqəsi olan işçinin əmək müqaviləsinə xitam verildiyi tarixdə işdə olması xitam əmrinin qanunauyğun sayılmasına səbəbiyyət verib.
Satışda olan YENİ nəşrlərimiz:
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
2. Əmək Qanunvericiliyi Toplusu 2023
3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023
4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022
6. Mühasibat uçotu 2022
7. ƏMAS platforması A-dan - Z-yə 2022
0 Komment
Şərh yazın