İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi qanunvericiliklə tənzimlənir. Mövcud qaydaları “vergiler.az”a “AZLIFT PRO” QSC-nin İnsan resursları şöbəsinin rəhbəri Ramin Hacıyev şərh edir.
Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci bəndinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:
- əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
- əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
- aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Misal 1: İşçinin aylıq tarif vəzifə maaşı 700 manatdır. 2022-ci ilin dekabr ayında 22 iş günü olduğuna görə aylıq iş vaxtı norması 175 saat (21x8+7) müəyyən edilib. Həmin ay işçi 2 istirahət günü işə cəlb olunub. Bu halda aylıq iş vaxtı normasından artıq görülən işə görə əməkhaqqının hesablanması aşağıdakı qaydada olacaq:
- gündəlik tarif maaşının məbləği:
700 : 22 = 31,81 manat;
- istirahət gününə görə hesablanmış məbləğ:
31,81 x 2 = 63,62 manat;
- 2 istirahət gününə görə hesablanmış məbləğ:
63,62 x 2 = 127,24 manat.
Beləliklə, dekabr ayında işçiyə hesablanacaq əməkhaqqının məbləği 827,24 manat olacaq:
700 + 127,24 = 827,24 manat.
Misal 2: İşçinin aylıq tarif vəzifə maaşı 700 manatdır. 2022-ci ilin dekabr ayında 22 iş günü olduğuna görə aylıq iş vaxtı norması 175 saat (21x8+7) müəyyən edilib, həmin ay işçi 2 istirahət günü işə cəlb olunub. İşə cəlb olunan istirahət günlərinin əvəzinə işçinin arzusu ilə ona başqa istirahət günü verilib. Bu halda aylıq iş vaxtı norması çərçivəsində görülən işə görə əməkhaqqı aşağıdakı kimi hesablanacaq:
- gündəlik tarif maaşının məbləği:
700 : 22 = 31,81 manat;
- 2 istirahət gününə görə hesablanmış məbləğ:
31,81 x 2 = 63.62 manat;
- dekabr ayında işçiyə hesablanacaq əməkhaqqının məbləği:
700 + 63,62 = 763,62 manat.
Misal 3: İşçinin aylıq tarif vəzifə maaşı 700 manatdır. 2022-ci ilin dekabr ayında 22 iş günü olduğuna görə aylıq iş vaxtı norması 175 saat (21x8+7) müəyyən edilib, həmin ay işçi 1 istirahət günündə 3 saat işə cəlb olunub. Bu halda əməkhaqqı aşağıdakı kimi hesablanacaq:
- saatlıq tarif maaşının məbləği:
700 : 175 = 4 manat;
- istirahət günündə 1 saata görə hesablanmış məbləğ:
4 x 2 = 8 manat;
- 3 saatlıq işə cəlb etməyə görə hesablanmış məbləğ:
8 x 3 saat = 24 manat
- dekabr ayında işçiyə hesablanacaq əməkhaqqının məbləği:
700 + 24 = 724 manat.
Təcrübədə bəzən istirahət günləri, səsvermə, və iş günü hesab olunmayan bayram günlərində və ümumxalq hüzn günündə işə cəlb olunan işçilərə cəlb olunduqları günlərə görə əvəzgün verilərək əlavə əməkhaqqı hesablanmır. Lakin Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci bəndinə əsasən, iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, ona maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla əməkhaqqı ödənilir.
Qanunvericiliyin tələbinin mahiyyəti ondan ibarətdir ki, hətta işçiyə istirahət günlərində, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab olunmayan bayram günlərində işə cəlb edildiyinə görə əvəzgün verilsə belə, həmin günlərə görə onlara maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində əməkhaqqı ödənilməlidir.
Digər bir məqam isə qeyri-iş gününün müəyyən vaxtında işə cəlb olunmuş işçilərə əməkhaqqının ödənilməsi ilə bağlıdır. Bəzi hallarda qeyri-iş günündə müəyyən müddətə (məsələn, 3 saat) işə cəlb olunan işçiyə əməkhaqqı tam iş gününə görə hesablanır. Lakin Əmək Məcəlləsinin 164-cü maddəsiə əsasən, işçi qeyri-iş gününün müəyyən vaxtında işə cəlb olunubsa, ona faktiki işə cəlb edildiyi vaxta görə əməkhaqqı ödənilir.
Onu da deyək ki, işçinin əməkhaqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur.
0 Komment
Şərh yazın