PMS Sertifikatı imtahanında hüquqi şəxslərin mənfəət vergisi ilə bağlı suallarda nəzərə alınacaq 4 məqam
Satışı davam edən "PMS Sertifikatı (II mərhələ)" - II nəşr kitabından seçmə
Digər vergilərdə olduğu kimi mənfəət vergisi üzrə də vacib məqamları həmkarlarımızın diqqətinə çatdırmaq istərdik.
Birinci hal. Mənfəət vergisini hesablayarkən yalnız ölkəmizdə yox, Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəliklər vasitəsilə əldə edilən gəlirlər, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə olunan dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) nəzərə alınmalıdır. Əgər vergi ödəyicisinin xaricdə gəliri üzrə vergi tutulması həyata keçirilibsə, təsdiqedici sənədlər üzrə həmin məbləğ mənfəət vergisindən çıxılır.
Mİsal. Vergi ödəyicisinə təsisçisi olduğu qeyri-rezident hüquqi şəxsdən 100 000 manat dividend ödənilib. Vergi ödəyicisi həmin dividend üzrə ödəmə mənbəyində 10 min manat verginin ödənilməsini təsdiq edən sənədi təqdim edərsə, mənfəət vergisindən həmin ödənilən vergi məbləği çıxılır.
İkinci hal. Mənfəət vergisi üzrə bəzi fəaliyyətlərdə tam və ya qismən azadolmalar nəzərdə tutulub.
Misal üçün, Vergi Məcəlləsinin 106.1.14-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət vergisindən azaddır.
Qismən azadolmaya misal olaraq Vergi Məcəlləsinin 106.2-ci maddəsini göstərmək olar. Belə ki, həmin maddəyə əsasən, əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus olan, işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi olan şəxslərdən ibarət olan istehsal müəssisələridə mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır.
Üçüncü hal. Mikro sahibkarlıq subyektləri üçün mənfəət (gəlir) vergisi üzrə güzəşt nəzərdə tutulub.
Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətə 75 faiz güzət tətbiq edilir. Eyni hal fiziki şəxslərin gəlir vergisinə də şamil olunur və Vergi Məcəlləsinin 102.1.30-cu maddəsi ilə tənzimlənir.
Mİsal. Mikro sahibkarlıq subyekti olan hüquqi şəxsin 2022-ci ildə mənfəəti 30 000 manat olub. Vergi ödəyicisi Vergi Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu apardığı halda bu zaman 6 000 manat (30 000 x 20 faiz) yox, 1500 manat (30 000 manat x 0,25 (75 faiz güzəşt nəzər alınır) x 20 faiz) ödəyəcək.
Dördüncü hal. Mənfəət vergisi üzrə bəzi sahələr və ya fondlara ödənilən məbləğlər mənfəətin 10 faizinindən çox olmayan hissəsi qədər azadılır.
Vergi Məcəlləsinin 106.1.8-ci maddəsinə əsasən, dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə isə - 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.
Mİsal. Vergi ödəyicisinin hesabat ilində mənfəəti 500 000 manatı olub. “YAŞAT” fonduna 60 000 manat ödəyib. Mənfəət vergisi hesablamadan öncə 60 000 manat yox, 50 000 manat (500 000 manat x 10 faiz) mənfəətdən çıxılır. Deməli, vergi ödəyicisinin hesabladığı mənfəət vergisi 100 000 manat (500 000 manat x 20 faiz) yox, 90 000 manat ((500 000 – 50 000 (mənfəətin 10 faiz hissəsi) x 20 faiz) təşkil edəcək.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023
3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023
4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
5. Əmək Qanunvericiliyi Toplusu 2023
6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023
7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023
9. Mühasibat uçotu 2022
10. ƏMAS platforması A-dan - Z-yə 2022
0 Komment
Şərh yazın