İlqar Əsədovun təqdimatında: Hədiyyə edilən malların ƏDV öhdəliyi

İlqar Əsədovun təqdimatında: Hədiyyə edilən malların ƏDV öhdəliyi

Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Qanunvericiliyin bu tələbini “vergiler.az”a vergi mütəxəssisi İlqar Əsədov şərh edir.

ƏDV ödəyicisi tərəfindən malları əvəzsiz əsasla qarşı tərəfə təqdim edilirsə (hədiyyə edirsə, bağışlayırsa), qarşı tərəfdən ödəniş almasa, ƏDV-ni büdcəyə hesablayıb ödəməlidir. Belə hallarda malların bazar qiyməti ilə dəyəri vergitutma obyektini təşkil edir.

Bəs malları bağışlayan vergi ödəyicisi ƏDV-ni nə zaman ödəməlidir?

Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, mallar əvəzsiz təqdim edilərsə, vergi tutulan əməliyyatın vaxtı təqdim edildiyi vaxt sayılır.

Məcəllənin 178-ci maddəsinə görə, ƏDV üçün hesabat dövrü ay hesab olunduğundan hədiyyənin təqdim edilməsi hansı ayda baş veribsə, həmin ayın bəyannaməsində göstərilməlidir. Bunun üçün bəyannamədə xüsusi sətir vardır.

Hesablanmış ƏDV məbləği isə ayrılıqda deyil, digər vergi tutulan dövriyyələrlə bir yerdə büdcə ilə hesablaşmaların aparılmasında nəzərə alınır. Əgər digər əməliyyatlar üzrə və büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olarsa, ƏDV ödəməyə ehtiyac yoxdur. Əks təqdirdə, hesablanmış ƏDV məbləği növbəti ayın 20-nə qədər büdcəyə ödənilməlidir.

Onu da qeyd edək ki, əvəzsiz təqdim edilmə vergi ödəyicilərinə edilərsə, elektron qaimə-faktura təqdim etmək zəruridir. Elektron qaimə-fakturada malların bazar qiyməti qeyd edilməlidir.

1 Komment

  1. seymur 15 Avqust 2023

    Salam. mən anlamadım. Mal aldıöımız zaman ƏDV məbləğini qarşı tərəfin ƏDV depozit hesabına ödəyirik. Sonra aldımız malın üzərinə ticarət əlavəsi əlavə edib satırıq və bu səfər malı alan şəxs bizim ƏDV depozit hesabımıza ƏDV ödəyir. Biz isə öz növbəmizdə əldə etdıyimiz ƏDV məbləğini dövlətə bəyan edirik və Daxil olan ƏDV ilə daha əvvəl ödədiyimiz ƏDV arasındaki fırqi Dövlətə ödəyirik. Bəs Biz malı satmasaq Hədiyyə etsək hec bir ticarət əlavəsi yaratmırıq. Dövlətə bu halda Necə və nəyə görə ƏDV ödəyirik? Əlavə dəyər olmada Əlavə dəyər vergisi necə olur ki? Zəhmət olmasa izah edərdiz. minnətdaram.

Şərh yazın