Cümə axşamı, 25 Yanvar 2018 13:13

Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin birləşməsi...

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)
Ekspert Qalib Toğrul bu məsələdə Gürcüstan modelindən istifadə etməyi tövsiyə edir
 
Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin birləşəcəyi ilə bağlı dolaşan xəbərləri şərh edən İqtisadçı-ekspert Qalib Toğrul da Sputnik-ə açıqlamasında deyib ki, sözügedən qurumların birləşdirilməsini effektli hesab edir: “Təşkilati baxımdan müxtəlif formalar var və prinsipcə, bu, gömrük orqanlarının fəaliyyətinə təsir etmir. Ancaq Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyi ilə birləşməsini idarəetmə baxımından islahat hesab etmək olar. Bu zaman vəsaitə qənaət etmək mümkündür. Yəni idarəetmə ilə bağlı dövlətin xərclərini azaltmaq olar”.

Q.Toğrul da bu məsələdə Gürcüstan modelindən istifadə etməyi tövsiyə edir: “Hesab edirəm ki, bu qurumlar bir yerdə olsalar, yaxşıdır. Məsələn, Gürcüstanda gömrük və vergi bir yerdədir və bu, Gəlirlər Xidməti adlanır. Biz də Gürcüstandakı təcrübəni tətbiq etsək, dövlət büdcəsindən idarəetmə xərclərinə ayrılmış vəsaitlərə qənaət etmiş olarıq. Burada məqsəd dövlət büdcəsinin gəlirlər hissəsinin təmin olunmasıdır”.
 
Ekspertin fikrincə, bir mərkəzdən idarə olunma həmin qurumlar arasında ziddiyyətlərin də ortaya çıxması ehtimalını azaldar: “Məsələn, əksər məhsullar ölkəyə idxal olunanda əlavə dəyər vergisinə cəlb edilir. Bu məhsullar ölkəyə daxil olanda əlavə dəyər vergisini gömrük orqanları alır. Daha sonra onun əvəzləşdirilməsi prosesi artıq vergi orqanlarının xətti ilə həyata keçirilir. Bu məhsullar topdansatış müəssisələrindən pərakəndə satış müəssisələrinə satılarkən əlavə dəyər vergisinin əvəzləşdirilməsi gedir. Bu da iki qurum arasında müəyyən ziddiyyətlərin ortaya çıxmasına səbəb olurdu”.
 
“Ona görə də doğru variant bunların birləşdirilərək vahid bir qurumun yaradılmasıdır. Bu, həm idarəetmə xərclərini azaldar, həm də müəyyən ziddiyyətlərin aradan qalxmasına səbəb olar. Yəni idarəetmənin təkmilləşdirilməsinə, səmərəli həyata keçirilməsinə səbəb olar” — həmsöhbətimiz vurğulayıb.
 
Oxu 424 dəfə

Şərh yazın