Işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ necə tənzimlənməlidir?

Işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ necə tənzimlənməlidir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 131-ci, “Əmək məzuniyyətinin verilməsi qaydası” maddəsininin birinci hissəsinə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.

Maddədən göründüyü kimi, əmək məzuniyyəti ilə bağlı altı aylıq müddət məsələsi işçinin birinci iş ilinə aiddir. Sonrakı iş illərində 6 aylıq müddətin gözlənilməsi öz qüvvəsini itirir. Fikrimizcə, Məcəllədə əmək məzuniyyəti dedikdə, daha uzun müddətdə istifadə edilən məzuniyyət başa düşülməlidir.

Mİsal. İşçi 1 fevral 2021-ci il tarixdə işə qəbul olunub. O, 10 iyun 2021-ci il tarixdə müraciət edir ki, 15 iyun 2021-ci il tarixdən əmək məzuniyyəti hüququndan istifadə etmək istəyir. İşəğötürən işçinin həmin tarixdə əmək məzuniyyətinə buraxılmasını təmin etməyə bilər, çünki onun əmək məzuniyyətinə çıxmaq hüququ işə qəbul olunduqdan 6 ay sonra, yəni 1 avqust 2021-ci ildən sonra yaranacaq.

Bəzi mütəxəssislər iddia edirlər ki, işəgötürən istəsə, 6 aylıq müddəti gözləmədən işçini məzuniyyətə buraxa bilər. Hətta bununla bağlı DƏMX-nin rəsmi məktubu var ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, ilk iş ili üçün 6 aydan tez əmək məzuniyyətindən istifadə etmək olar və buna görə işəgötrürən İnzibati Xətalar Məcəlləsinə əsasən hər hansı bir məsuliyyətə cəlb oluna bilməz.

Qeyd edək ki, Əmək Məcəlləsinin ikinci maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

İşəgötürən minimum normadan üstün norma müəyyən edə bilər. Amma nəzərə almaq lazımdır ki, əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Məntiqlə bir ay işləyən işçinin əmək qabiliyyətinin bərpası üçün uzun müddətli məzuniyyət götürməsi ağlabatan hesab edilə bilməz.

Fikrimizcə, fərqli yanaşma bir halda ola bilər ki, işçi yeni iş yerinə qəbul olunduqdan öncə 8 ay işlədiyi iş yerində məzuniyyət hüququndan istifadə etməyib. İşçi yeni iş yerində 4 ay işlədikdən sonra müraciət edir ki, 12 aydır davamlı çalışdığı üçün məzuniyyətə ehtiyacı yaranıb. Bu zaman işəgötürənin işçini 6 ay gözləmədən məzuniyyətə göndərməsi daha məntiqli olar.

Əmək Məcəlləsinin 131-ci maddəsinin ikinci hissəsinə görə, işçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.

Bu maddədə diqqət yetiriləsi əsas məqam odur ki, işçi 6 ay işlədikdən sonra ona iş ilinin sonunu gözləmədən uzunmüddətli məzuniyyət vermək mümkündür. Bəzi mütəxəssislər hesab edirlər ki, işçi iş ilini tam olaraq çalışmalıdır ki, sonra əmək məzuniyyəti hüququndan istifadə edə bilsin. İşçi 7-ci ayda əmək məzuniyyətindən istifadə üçün müraciət etdiyi halda, işəgötürən bildirə bilər ki, onun iş ilinə 21 və ya 30 gün məzuniyyət planlaşdırdığı üçün yeddinci ayda məzuniyyət vermək istəmir. Amma maddədə qeyd edilib ki, işçiyə birinci iş il üzrə əmək məzuniyyətinin verilməsi tərəflərin razılığı ilə iş ili bitənədək verilə bilər.

Müəyyən istisnaları nəzərə almasaq, işçinin əmək məzuniyyətinə göndərilməsi üçün iki halın olması mütləqdir. Birincisi, işçi məzuniyyətdən istifadə etmək üçün mütləq ərizə yazmalıdır. İşəgötürən işçinin ərizəsi (razılığı) olmadan, onu əmək məzuniyyətinə göndərə bilməz.

İkincisi isə, işçinin məzuniyyət hüququndan istifadəsinə işəgötürənin razılıq verməsidir. İşçi ilk iş ilində 6 ay keçdikdən sonra istədiyi vaxt ərizə yazıb əmək məzuniyyətinə çıxa bilməz.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər