Malların mədaxil olunması necə rəsmiləşdirilir?

Malların mədaxil olunması necə rəsmiləşdirilir?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Təsəvvür edək ki, topdansatış fəaliyyəti ilə məşğul olan “A” MMC şirkəti vergi uçotunda olmayan şəxsdən 20 000 manat məbləğində mallar alıb. Həmin malların 12 000 manatı kənd təsərrüfatı mallarıdır, o cümlədən 5 000 manatı birbaşa kənd təsərrüfatı məhsulları istehsalçısından alınıb. 3 500 manatı şüşə məmulatı, 4 500 manatı isə dəmir qablardır.

Bu halda rəsmiləşdirmə belə olacaq. Vergi ödəyicisi malların tipindən asılı olmayaraq  “Malların alış aktı”nı tərtib edərək, onu malları təqdim edən şəxsə imzalatdırır. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Həmçinin, malları təqdim edənin şəxsiyyət vəsiqəsinin sürəti alınaraq, “Malların alış aktı” sənədinin arxasına əlavə edilməlidir. Nağd ödəniş zamanı ödənişin olunmasını təsdiq edən sənəd kimi kassa məxaric orderi hazırlanaraq malları təqdim edən şəxsə imzalatdırılır.

Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixdən etibarən  Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən, vergi ödəyicisi “Malların alış aktı” ilə mal aldıqda, 5 gün müddətində elektron alış aktı da tərtib etməlidir. Bildiyimiz kimi, “Malların alış aktı” sırf vergi ödəyicisi olmayan şəxslər tərəfindən mallar alındıqda tərtib olunur. Vergi Məcəlləsinin 73-cü maddəsinə əsasən, ödəmələr haqqında məlumatların verilməsi nəzərdə tutulsa da, vergi orqanına məlumatın verilməsi ilə bağlı hər hansı konkret  forma və vaxt müəyyən edilməmişdir.

Elektron alış aktlarının vergi orqanlarına təqdim olunması nəticəsində isə artıq vergi orqanı elektron bazada “Malların alış aktı” vasitəsilə malları satan şəxslər haqqında məlumat toplayaraq emal etmək imkanına malik olur.

Vergi ödəyicisi alış aktı sənədi ilə vətəndaşdan  kənd təsərrüfatı malları alır. Bu zaman “Malların alış aktı” tərtib olunsa da, vergi ödəyicisi 5 gün ərzində elektron alış aktını hazırlamalıdır. Vergi orqanı elektron alış sənədi ilə həyata keçirilən əməliyyatlar üzrə vergi ödəyicisi olmayan kənd təsərrüfatı məhsulları təqdim edən kənd təsərrüfatı istehsalçısının dövriyyəsi haqqında məlumat əldə etmiş olacaq.

Qeyd etdiyimiz kimi, vergi  ödəyicisi elektron alış aktı ilə yanaşı, həm də “Malların alış aktı”nı da tərtib etməlidir. Amma bir hal mümkündür ki, “Malların alış aktı”nın tərtibinə ehtiyac olmasın.  Vergi Məcəlləsinin 71-2-ci maddəsinin 3-cü bəndinə əsasən, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Mİsal. Vergi ödəyicisi şüşə məmulatlarını vergi ödəyicisi olmayan şəxsdən öz obyektində qəbul edir. Malların təqdim edilməsi vergi ödəyicisinin ərazisində baş verdiyi üçün vergi ödəyicisi elektron alış sənədini hazırlayaraq vergi ödəyicisinə imzalatdırır. Bu cür proses zamanı “Malların alış aktı”nın tərtibinə ehtiyac duyulmur.

Vergi ödəyicisi olmayan şəxslərdən alınan malların anbara verilməsi müvafiq olaraq “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilməlidir.

İndi isə alınan mallar üzrə vergi öhdəliyinin hesablanmasını misallarla izah edək.

Mİsal 1. Kənd təsərrüfatı istehsalçısı olmayan şəxsdən alınan 7 000 manat ödənişdən ödəmə mənbəyində 5 faiz – 350 manat (7 000 manat x 5 faiz) vergi tutulmalıdır. Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərdən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulmalıdır. Həmin məhsullara aşağıdakılar aiddir:

- Kənd təsərrüfatı məhsulları (istehsalçılardan alınan məhsullar istisna olmaqla);

- Əlvan və qara metal qırıntılarının qəbulu;

- Utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

- Utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;

- xam dərinin tədarükü (alışı).

Kənd təsərrüfatı məhsulu istehsalçılarından alınan mallara görə ödəmə mənbəyində vergi hesablanmır. Çünki Vergi Məcəlləsinə əsasən, kənd təsərrüfatı məhsulu istehsalçılarının gəlirləri vergidən tam azaddır.

Mİsal 2. Vergi orqanlarında uçotda olmayan vətəndaşdan alınan 3 500 manatlıq şüşə məmulatı üzrə ödəniş olunduqda, 175 manat (3 500 x 5 faiz) ödəmə mənbəyində vergi tutulacaq. Çünki şüşə məlumatları da “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların siyahısına aiddir.

Mİsal 3. Vergi orqanlarında uçotda olmayan vətəndaşdan 4 000 manatlıq dəmir qabların alınması zamanı ödəmə mənbəyində hər hansı verginin tutulması həyata keçirilmir. Çünki dəmir qablar “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların siyahısına aid deyil.

Vergi ödəyicilərini ən çox maraqlandıran məsələlərdən biri də işçilərin yemək xərclərinin təmin edilməsi ilə bağlı xərclərin gəlirdən çıxılmasına icazə verilib-verilməməsidir. Vergi Məcəlləsinin 109.3-cü maddəsində qeyd edilir ki, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Əvvəlcə 109.3-cü maddədə istinad edilən “yemək xərcləri” dedikdə, nələr nəzərdə tutulduğunu dəqiqləşdirək. Nazirlər Kabinetinin 4 iyun 2007-ci il tarixli, 89 saylı “Müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarının müəyyən edilməsi barədə” qərarına əsasən, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsulların və vasitələrin gündəlik xərc norması 2 manat məbləğində müəyyən edilib. Bundan əlavə,  qərarla dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gündəlik norması Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün 15 manatadək, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün 15 ABŞ dollarınadək məbləğdə müəyyən edilib.

Qeyd edilən hallar üzrə verilən gündəlik xərc və yemək xərclərinin gündəlik normasının gəlirdən çıxılmasına icazə verilir.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər