Əmək məzuniyyəti dövründə əmək qabiliyyətini itirən işçinin xəstəlik vərəqəsi qəbul edilir?

Əmək məzuniyyəti dövründə əmək qabiliyyətini itirən işçinin xəstəlik vərəqəsi qəbul edilir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən halların biri də, işçinin əmək məzuniyyəti dövründə əmək qabiliyyətini itirməsidir. Bu məsələ ilə bağlı iki fərqli fikir mövcuddur. Bir qrup mütəxəssis hesab edir ki, işçi məzuniyyət dövründə əmək qabiliyyətini itirərsə, mütləq əmək məzuniyyətinin müddəti həmin dövr qədər uzadılmalıdır. Çünki işçi həmin dövrdə məzuniyyət hüququndan istifadə edə bilməyib.

İkinci qrup mütəxəssis isə belə hesab edir ki, işçinin məzuniyyət dövründə əmək qabiliyyətini itirməsi işçinin əmək funksiyasının həyata keçirmədiyi dövrdə baş verdiyi üçün, işəgötürən əmək məzuniyyətinin vaxtının uzadılması məsələsində məcburi yox, könüllü qərar verir.

Məsələ ilə bağlı Mks.az saytının sualına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin verdiyi rəsmi cavab məktubunu təqdim edirik: “Bildiririk ki, işçinin növbəti məzuniyyət (əsas və əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Dövlət Sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 15 sentyabr 1998-ci il tarixli, 189 saylı Qərarının 12-ci maddəsinə uyğun olaraq təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən hesablanaraq ödənilir. Bu zaman işçinin istifadə etmədiyi məzuniyyəti xəstəlik vərəqəsində göstərilən müddət qədər Əmək Məcəlləsinin 134-cü maddəsinin tələblərinə müvafiq olaraq işçinin təşəbbüsü ilə başqa vaxta keçirilə bilər”.

Qaydalar və Əmək Məcəlləsindən belə aydın olur ki, əmək məzuniyyəti zamanı əmək qabiliyyətinin itirilməsinə görə müavinət birmənalı olaraq ödənilməlidir. Həmin dövr qədər məzuniyyət müddətinin uzadıılması və ya başqa tarixə keçirilməsi isə artıq işçi və işəgötürən arasındakı razılaşmaya uyğun həyata keçirir.

Mİsal  “A” MMC-nin işçisi 21 yanvar 2022-ci il tarixdən 10 fevral 2022-ci il tarixə kimi əmək məzuniyyətinə çıxıb. İşçi 25 yanvar 2022-ci il tarixdə əmək qabiliyyətini 14 günlük itirib. İşçi 1 fevral 2022-ci il tarixdə işə gələrək sənəd təqdim edir ki, 1əmək qabiliyyətini 14 günlük itirdiyinə görə 11 fevral 2022-ci il tarixdə yox, 25 fevral 2022-ci il tarixdə işə çıxa bilər. Beləliklə, işçi əmək qabiliyyətini itirdiyinə görə istifadə etmədiyi 14 günlük məzuniyyətdən həm tarixlərdə faydalanacaq.

Misalımızın davamına baxaq. Əgər işçi əmək qabiliyyətini 5 fevral 2022-ci il tarixdə 10 günlük itirsə, bu halda işə başlama tarixi 11 fevral 2022-ci il olmayacaq. İşəgötürən xəstəlik vərəqəsi təqdim edən işçinin sağalmasını gözləməyə borcludur.

 Maraqlıdır, hansı məzuniyyət dövrü üçün işçiyə əmək qabiliyyətini itirməsinə görə ödəniş olunmur.

İşçiyə bütün məzuniyyət dövlərində əmək qabiliyyətini itirməsinə görə müavinət hesablanılmır. Əsasnamədə konkret qeyd edilir ki, əmək haqqı saxlanılmadan verilən və ya uşağa qulluq etməkdən ötrü təqdim edilən məzuniyyətlər zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi əmək haqqı saxlanılmadan məzuniyyətdən və yaxud uşağa qulluq edilməsinə görə məzuniyyətdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir.

Mİsal 3 yaşa qədər uşağa qulluq etmək üçün analıq məzuniyyətinə çıxan işçi həmin dövrdə 20 günlük əmək qabiliyyətini itirir. Bu zaman həmin işçi xəstəlik vərəqəsi təqdim etsə belə, işəgötürən ona müavinət hesablamayacaq.

Misalın davamı olaraq hesab edək ki, işçi sosial məzuniyyətdən 15 fevral 2022-ci ildə qayıtmalıdır. Əgər işçi 13 fevral  2022-ci ildən 20 günlük əmək qabiliyyətini itirərəsə, bu halda 15 fevral 2022-ci ildən sonraki 18 təqvim günə düşən iş günləri üçün müavinət hesablanmalıdır.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər