Konstitusiya Məhkəməsi əmək müqaviləsinə xitamla bağlı hansı bəndə şərh verib?

Konstitusiya Məhkəməsi əmək müqaviləsinə xitamla bağlı hansı bəndə şərh verib?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsini 70-ci, “İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

- müəssisə ləğv edildikdə (“a” bəndi)

İşəgötürən müəssisənin ləğv olunması haqqında dövlət qurumuna müraciət edir. Bu halda proses Mülki Məcəllənin tələblərinə uyğun olaraq həyata keçirilir.

Mİsal 1. Turizm fəaliyyəti ilə məşğul olan işəgötürən pandemiya ilə əlaqədar fəaliyyətinin olmaması səbəbindən müəssəsinin ləğv edilməsi prosesi üçün vergi orqanına müraciət edir. Bu zaman işəgötürən işçilərin əmək müqaviləsinin xitamı zamanı Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə istinad etməlidir.

Əmək Məcəlləsinin 3-cü maddəsində müəssisə anlayışı tərifi verilib:           Həmin maddəyə əsasən, Müəssisə dedikdə, mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi hesab edilir. Maraqlıdır ki, müəssisənin filialı ləğv olunduqda, o zaman işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə xitam verilə bilər?

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxıb. Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il qərarında qeyd edilir ki, iddiaçı ərizəsində bildirmişdir ki, 19 may 2010-cu il tarixindən cavabdehin “Yeni Həyat” filialında müştəri xidməti şöbəsində mütəxəssis kimi əmək fəaliyyətinə başlamış, cavabdehin 11 mart 2019-cu il tarixli əmri ilə əmək fəaliyyətini “Səbail” filialında davam etdirmiş, 22 noyabr 2019-cu il tarixli, 1434 saylı əmrlə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

İddiaçı fəaliyyət göstərdiyi filialın ləğv olunmasının cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən Əmək Məcəlləsinin 70-ci maddəsinin “a”  bəndinin təsiri altına düşmədiyini, filialın hüquqi şəxs olmadığını, onunla bağlanmış əmək müqaviləsinin tərəfi olan cavabdehin ləğv olunmadığını, bu səbəbdən də onunla əmək müqaviləsinə istinad olunan əsasla xitam verilməsinin qanunsuz olduğunu bildirərək, həmin əmrin ləğv edilməsi və vəzifəsinə bərpa olunaraq məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir.

Qərarda həmçinin qeyd edilir ki,  Əmək Məcəlləsinin 70-ci maddəsi isə əmək müqaviləsinin məhz işəgötürən tərəfindən ləğv olunmasının əsaslarını müəyyən etmişdir:  “Göründüyü kimi, işçi ilə əmək müqaviləsi yalnız onunla əmək müqaviləsini bağlamış işəgötürən tərəfindən qanunvericiliyə müvafiq olaraq ləğv oluna bilər. Beləliklə, işçi ilə əmək müqaviləsi mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, habelə səlahiyyətli orqan tərəfindən bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə, yəni işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə ləğv edilməlidir. Əmək müqaviləsi işçinin çalışdığı iş yeri üzrə mülkiyyətçinin müvəkkil etdiyi müəssisənin rəhbəri ilə bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv edilərkən həmin müqavilə müəssisənin ləğv edilməsi əsası ilə, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməlidir.”

Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli yekun qərarı aşağıdakı kimi olub:

“Əmək müqaviləsi işçi ilə mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, habelə səlahiyyətli orqan tərəfindən bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə ləğv edilməlidir.

Əmək müqaviləsi işçinin çalışdığı iş yeri üzrə mülkiyyətçinin müvəkkil etdiyi müəssisənin rəhbəri ilə bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv edilərkən həmin müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin ləğv edilməsi əsası ilə ləğv edilməlidir.”

İndi isə qərarın tələblərini misallarla izah edək:

Mİsal. Kredit təşkilatı “Mingəçevir” filialına işçi qəbul edir. İşçi ilə əmək müqaviləsi  kredit təşkilatının İdarə Heyətinin sədri tərəfindən imzalanıb. Kredit təşkilatı qərar verir ki, “Mingəçevir” filialı ləğv olunsun, bu zaman artıq işçinin əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə ləğv edilməlidir.

MİsaL 2. Kredit təşkilatı “Mingəçevir” filialına işçi qəbul edir. Amma işçi ilə əmək müqaviləsi İdarə Heyəti sədri ilə yox “Mingəçevir” filialının müdiri ilə imzalanıb. “Mingəçevir” filialının ləğv zamanı artıq, həmin işçinin əmək müqaviləsinə 70-ci maddənin “b” bəndi ilə yox, 70-ci maddənin “a” bəndi ilə yəni müəssisənin ləğv edilməsi əsası ilə ləğv edilməlidir.

Qeyd edək ki, Əmək müqaviləsinə 70-ci maddənin “a” və “b” bəndləri ilə xitam verildikdə, müavinətin hesablanması eyni qaydada aparılsa da, xəbərdarlıq müddətində yanaşma fərqlidir. Həmçinin, ixtisar zamanı Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsində nəzərdə tutulan işçilərin (hamilə, habelə üç yaşınadək uşağı olan qadınlar, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər,  əmək qabiliyyətini müvəqqəti itirən işçilər və s.) əmək müqaviləsinə xitam verilməsi qadağan edilsə də, müəssisənin ləğvi zamanı həmin məhdudiyyətlər nəzərə alınmır.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər