Dövlət Vergi Xidmətinin rəisinin müşaviri, İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova: "Bütün gəncləri bu fürsətdən yararlanmağa, təşəbbüskar olmağa və gələcəyin vergi işçiləri sırasında yer almağa dəvət edirəm."
- Hazırda Dövlət Vergi Xidməti tərəfindən işə qəbul elan olunub. Bu mərhələdə namizədlərə hansı tövsiyələri verərdiniz?
- Biz artıq işə qəbul üçün elan vermişik. Oktyabr ayının 30-dan sənəd qəbulu başlanıb və bu, DVX komandasına qoşulmaq üçün əla bir fürsətdir. Biz hər zaman motivasiya, məsuliyyət və inkişaf istəyi olan gəncləri axtarırıq.
Hər bir namizəd bilməlidir ki, DVX-də işə qəbul prosesi tam şəffaf və obyektiv prinsiplərlə aparılır. İşə qəbulda ixtisas məhdudiyyəti qoyulmayıb. DİM tərəfindən təşkil edilən imtahanlarda uğur qazanmış namizədlər ikinci – müsahibə mərhələsinə keçəcəklər. Biz gənclərin potensialına inanırıq və onlara öz karyeralarını qurmaq və inkişaf etdirmək üçün açıq və bərabər imkanlar yaradırıq.
Namizədlərə əsas tövsiyəm budur ki, bu prosesə sadəcə imtahan kimi deyil, öz bacarıqlarını nümayiş etdirmək və potensiallarını üzə çıxarmaq fürsəti kimi yanaşsınlar. Bizim üçün biliklərlə bərabər dəyərlərə sadiqlik, təşəbbüskarlıq və öyrənməyə açıq yanaşma da çox önəmlidir. Namizədlərə, həmçinin, ölkənin iqtisadi mühitinə və vergi sisteminin mahiyyətinə maraqlı olmalarını, təşkilatın dəyərlərini və missiyasını öyrənmələrini də tövsiyə edərdim. Çünki DVX-də uğur qazanmağın açarı — bilik, etik dəyərlər və komanda düşüncəsinin sintezindədir.
Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istərdim. Yeni işə qəbul elanının verilməsi ilə bağlı bəzən belə suallara rast gəlirik ki, DVX-nin kadr ehtiyatında namizədlər olduğu halda yeni kadrlara ehtiyac varmı? Qeyd edim ki, DVX-də kadr planlaşdırılması yalnız bu günün ehtiyaclarına deyil, gələcək tələblərə cavab verməyə yönəlib. DVX dinamik inkişaf edən bir sistemdir və bu prosesin nəticəsində yeni funksional bölmələrin tələbləri və kadr ehtiyacları formalaşır. Bu dəyişikliklər həyata keçirildikcə ehtiyatda olan namizədlərin yerləşdirilməsi daha sürətli və məqsədyönlü şəkildə davam etdiriləcək. Yəni burada məqsəd mövcud ehtiyatı nəzərdən qaçırmaq deyil, əksinə, Xidmətin yeni strukturuna və tələblərinə uyğun ehtiyat bazasını qorumaqdır.
Mən bütün gəncləri bu fürsətdən yararlanmağa, təşəbbüskar olmağa və gələcəyin vergi işçiləri sırasında yer almağa dəvət edirəm."
Vergiler.az
                                
									
									
									
									
									
									
									
									
									
									
									
0 Komment
Şərh yazın