Çərşənbə axşamı, 21 İyun 2022 10:03

Təcrübədə mülki hüquqi müqavilənin bağlanılması hansı halda əmək münasibətləri yaradır? (NÜMÜNƏVİ FORMA)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Təcrübədə daha çox rast gəlinən, əmək müqaviləsi əvəzinə mülki hüquqi müqavilə bağlanılması hallarından biri də işəgötürənin əsas fəaliyyət sahəsinə aid olan xidmətlərin və işlərin həyata keçirilməsidir. Artıq Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsinin 4-cü bəndinə uyğun olaraq qeyd olunan halda tərəflər arasındakı münasibətlər yalnız əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir.

Bu halla bağlı iki misal üzərindən rəsmiləşdirilmələri təqdim edəcəyik. Birinci hal daha çox mübahisə doğuran məsələdir, ictimai iaşə fəaliyyətində ofisiantın işə qəbulu ilə bağlıdır. Hesab edirik ki, ofisiantın göstərdiyi xidmətlərin ictimai iaşə sektorunda çalışan işəgötürənin əsas fəaliyyət sahəsinə aid olması fikri heç kimdə şübhə doğurmur. Məhz bu səbəbdən Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq ofisinatla işəgötürən arasındakı münasibətlər əmək münasibətləri olduğundan onunla əmək müqaviləsi bağlanılmalıdır. Lakin Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilir ki, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiantlar) ayda 10 manat (əmsal nəzərə alınmayıb-red.) vergi, eyni zamanda müvafiq sosial sığorta məbləği ödəməklə, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” alaraq əmək müqaviləsi bağlamadan xidmət göstərə bilərlər.

Göründüyü kimi burada normativ hüquqi aktların kolliziyası (eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu)) var. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununa görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Ancaq qanunvericilikdə Vergi Məcəlləsi və Əmək Məcəlləsinə münasibətdə oxşar müddəa yoxdur. Ümid edək ki, yaxın vaxtlarda Vergi Məcəlləsinə müvafiq dəyişiklik edilməklə sabit qəbz əsasında fəaliyyət göstərənlərin siyahısından ofisiant vəzifəsi çıxarılacaq.

Qeyd etdiyimiz halla bağlı rəsmiləşdirməni təqdim edirik. Hesab edək ki, ofisiantın VÖEN-i var və o, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etməklə restoranda çalışır. Artıq Əmək Məcəlləsində müvafiq dəyişiklik qüvvəyə mindiyindən işəgötürən ofisiantla əmək müqaviləsi bağlanılması haqqında əmr verir.

Blank “Alov” MMC

ӘMR  № ________

 

Qubadlı şәhәri                                   ____ ________________2021-ci il

Əsas fəaliyyət sahəsinə aid xidməti yerinə yetirən ofisiantla

bağlanılmış mülki hüquqi müqavilənin ləğvi haqqında

Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 7-ci maddәsinin

2-3-cü hissəsinin 4-cü bəndinə və 2-4-cü hissəsinə uyğun olaraq

ӘMR EDİRӘM:

  1. Ofisiant xidməti göstərən fərdi sahibkar Quliyev Rza Әşir oğlu ilə (VÖEN: 7500XXXXXX) bağlanılmış mülki hüquqi müqavilə ləğv olunsun.
  2. Baş mühasib Ağayeva Sərvinaz Əfzələddin qızı mülki hüquqi müqavilədə nəzərdə tutulan qaydada Quliyev Rza Әşir oğlu ilə son hesablaşmaların həyata keçirilməsini təmin etsin.
  3. Kadrlarla iş şöbәsinin müdiri Ağazadә Nazlı Hәsәnağa qızı:

3.1. Quliyev Rza Әşir oğlunun ştat cәdvәlinә uyğun olaraq aylıq vәzifә maaşı 315 (üç yüz on beş) manat müәyyәnlәşdirilmiş ofisiant vəzifəsinə qəbul olunması üçün onunla Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq müddətsiz əmək müqaviləsi bağlanılması və əmək müqaviləsi göstəricilərinin elektron informasiya sisteminə daxil edilməsi prosedurlarını həyata keçirsin.

3.2. Əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə elektron qaydada məlumat əldə edildikdən sonra işçinin işə qəbul olunmasının əmrlə rəsmiləşdirilməsini təmin etsin.

  1. Әmrin icrasına nəzarət direktorun müavini Cumayev Sədrədddin İnqilab oğluna həvalə olunsun.

 

Direktor _______ Nәbili N.N.

 

Әmrlә tanış oldum:

__________ Quliyev R.Ə.

Tarix: ________

__________ Ağayeva S.Ə.

Tarix: ________

__________ Cumayev S.İ.

Tarix: ________

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Şərh yazın