Cümə, 06 May 2022 09:52

Mehdi Babayev: "Mühasib sahibkarın təhlükəsizliyini təmin edən birinci şəxsdir"

Son illərdə vergi inzibatçılığı sahəsində həyata keçirilən yeniliklər iqtisadi münasibətlərin şəffaflaşması ilə yanaşı, iş adamlarının daha sərbəst fəaliyyətinə zəmin yaradıb. Vergi inzibatçılığı sahəsində aparılan islahatların işgüzar mühitə təsirlərinin əməli nəticələri ilə bağlı “vergiler.az”ın suallarını Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayev cavablandırıb:

- Mehdi müəllim, vergi qanunvericiliyində və inzibatçılığında aparılan islahatların işgüzar mühit üçün önə çıxan məqamlarını necə səciyyələndirmək olar?

- Son 3-4 ildə bu sahədə aparılan dəyişikliklər əvvəlkilərdən fərqli olaraq özünü ciddiliyi ilə daha kəskin seçilir. Həm ölkədə fəaliyyət göstərən, həm də Azərbaycana investisiya qoyaraq fəaliyyət göstərmək istəyən hüquqi və fiziki şəxslər vergi qanunvericiliyindəki son dəyişikliklərin təsiri altında daha şəffaf və rəqabətli mühit əldə etmiş oldular. Yeni dəyişikliklərə alışmaq və onların qısa zamanda tətbiqinə nail olmaq texniki və psixoloji baxımdan ilk vaxtlar narahatlıq yaratsa da, ən qısa müddətdə vergi ödəyiciləri bu dəyişikliklərin faydasını gördülər. Dəyişikliklər sayəsində onlar daha asan, daha təhlükəsiz fəaliyyət göstərə bildilər.

İnzibatçılığı yaxşılaşdıran bir çox məqamlar və tətbiqlər var. Burada əsas yeri münasibətlərin maksimum elektronlaşdırılması tutur. Məsələn, istifadə olunan ilkin uçot və digər əlaqəli sənədlər maksimum elektronlaşdırıldı, hesabatların göndərilməsi avtomatlaşdırıldı, düzəlişlərin edilməsi asanlaşdırıldı, biznes subyektləri arasında mülki münasibətlərin, eləcə də vergi ödəyiciləri ilə vergi orqanı arasında kargüzarlıq münasibətlərinin qurulmasının elektronlaşdırılması ən yüksək səviyyəyə çatdırıldı. Rəqəmsallaşma istiqamətində dövlətimizin atdığı addımlar çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin həyata keçirdiyi tətbiqlər xarici investorların marağını təmin edəcək səviyyəyə çatdırıldı.

İnzibatçılığı yaxşılaşdıran digər amil qanunvericilik bazasının təkmilləşdirilməsidir. Yeni normativ hüquqi aktların qəbul edilməsi və vergi ödəyicilərinin fəaliyyətinə məsafədən vergi nəzarətinin asanlaşdırılması məqsədilə onlayn kassa aparatlarının tətbiqinə və yeni elektron sənədlərin yaradılması mexanizminə start verildi. Sənədlərin, yəni maliyyə informasiyalarının qəbul olunan müvafiq yeni elektron sənəd formasında vergi ödəyiciləri tərəfindən vergi orqanına ötürülməsi ümumi işin xeyrinə olmaqla bərabər, inzibatçılıqda ağ və səmimi münasibətlər formalaşdırmağa başladı.

İnzibatçılığın ən əlamətdar təsiri isə uçotun bərpası oldu. 2018-ci ildən etibarən təsərrüfat subyektləri son illərdə tam olmayan "uçot modelləri"ni Beynəlxalq Maliyyə Hesabatları Standartlarının tətbiqi nəticəsində tamlıqla real qeydlərə əsaslanan uçot sistemləri ilə əvəz etməyə başladılar. Qabaqcıl ölkələrdə olduğu kimi, ölkəmizdə də real mühasibat uçotu məlumatları və hesabatları əsasında biznes qərarlarının verilməsi ənənəsini müşahidə edə bilərik.

İş adamlarının sahibkarlıq fəaliyyətinin təhlükəsizliyinin təminatı da mühüm amildir. İstənilən halda sahibkarların iqtisadi, maliyyə və mülki münasibətlərinin təhlükəsizliyi təmin olunmalıdır. Təsərrüfat əməliyyatlarındakı fırıldaqçılıq, korrupsiya, iqtisadi saxtakarlıq və digər təsərrüfat qanunsuzluqları islahatlar nəticəsində azalmağa başladı. Çünki şəffaflıq istiqamətində aparılan bütün vergi tətbiqləri həm yoxlama orqanları tərəfindən ön tədbirlərin görülməsini, həm də niyyəti vergidən yayınmaq olan vergi ödəyicilərində vergi ödəmə mədəniyyətini formalaşdırdı. Belə demək mümkündürsə, bir çox sahibkarlar özləri də hiss etmədən özlərinin təhlükəsizliklərini təmin etmiş oldular. Məsələn, artıq müəssisədaxili şəffaf uçot göstəriciləri və hətta üçüncü tərəf kimi vergi orqanındakı baza məlumatları əsasında kontragentlər bir-birləri arasında baş verə biləcək aldatmaları və çatışmazlıqları mübahisələndirmək və hər kəs öz haqqını almaq imkanına malikdir.

- Bu islahatların sahibkar və mühasib münasibətlərinə, həmçinin mühasibat işlərinin düzgün qurulmasına təsiri özünü nədə göstərir?

- Mühasibə münasibət müəssisədəki şəffaflıqla bağlıdır. Əgər mühasibin qurduğu uçot və hazırladığı hesabat göstəriciləri müəssisənin maliyyə vəziyyətini, gəlir və xərclərini, gəlirlərin bölgüsünü real əks etdirmirsə, mühasibin əməyi sahibkar tərəfindən qiymətləndirilməmiş qalacaq. Lakin hazırkı yüksək qanuni tələblər və bu tələblərin həyata keçirilməsinə müvafiq dövlət orqanları tərəfindən nəzarətin gücləndirilməsi sahibkarların fəaliyyətində real uçota diqqəti artırıb. Mühasib bir uçot işçisi olduğuna görə sahibkarların ən çox ehtiyac duyduğu bir vəzifəyə çevrilib. İndi sahibkarlar bilirlər ki, hazırkı iqtisadi mühit və reallıqda düzgün və dürüst uçot qurmadan fəaliyyət göstərmək çətindir. Diqqətlə təhlil etsək, görərik ki, mühasib sahibkarın ən yaxın, ən məlumatlı və ən etibarlı adamıdır. Mühasibin də bunun müqabilində adekvat davranışları olmalıdır.

Məncə, mühasib sahibkarın təhlükəsizliyini təmin edən birinci şəxsdir. Mühasib peşəsinin "kölgədə" qalan vaxtları artıq keçib. İndi mühasiblərin üzərinə daha çox məsuliyyət düşür. Onlar bir çox hallarda uçotu əməliyyatlar baş verdikdən sonra, artıq baş verən əməliyyatlara dair sənədləri əldə etməklə aparırlar. Yəni mühasib əməliyyatla prosesin sonunda tanış olur. Əməliyyatın reallığı və sənədləşdirilməsinin qanunauyğunluğu təkcə mühasibdən yox, həm də əməliyyatın digər iştirakçılarından asılıdır. Əməliyyata cavabdeh digər məsul işçilərin (rəhbərin, menecerlərin, təchizatçıların, anbardarların, xəzinədarların, təhtəlhesab şəxslərin, iş icraçılarının) uçot tələblərinə və uçot siyasətinə, sənəd dövriyyəsinə əməletmə səviyyəsindən asılı olaraq mühasibin məsuliyyəti formalaşır. Bəzən mühasib çıxılmaz vəziyyətlərdə qalır və qeyri-ixtiyari olaraq şübhəli əməliyyatı uçota alır, çünki mühasibi məcbur edən neqativ subyektiv səbəblər var. Ancaq sahibkarlar dürüst olmayan təsərrüfat əməliyyatlarından çəkinməli və qarşılıqlı olaraq mühasiblərin hüquqlarını qorumalıdırlar.

Ümumilikdə, ölkədə mühasibat işinin keyfiyyəti artmaqda davam edir və yaxın gələcəkdə mühasibat uçotu sistemlərinə inam və etibar daha da artacaq.

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

 
 
 

Şərh yazın