Cümə axşamı, 21 İyun 2018 07:37

Xarici ölkədəki kuryer xidmətinin vergi öhdəliyi

Sual: Əvvəlki sualım davamı olaraq daha bir sual vermək istərdim. Əvvəlki sualım ID: 17103 idi. Sürətli poçt xidməti lisenziyası almış rezident müəssisə ölkə xaricinə məktub, bağlama və s. göndərir. Göndərilən sifariş ölkə ərazisindən hava yolu ilə yola salınır. Yola salınan məktub və ya bağlamanı qeyri-rezident öz ölkəsində qəbul edərək, sifarişlərin çatdırılması kimi xidmətlər göstərir. Qeyri-rezidentin göstərdiyi bu xidmətlərə görə rezident müəssisə xidmət haqqı ödəyir. Rezident müəssisənin qeyri-rezident müəssisənin göstərdiyi bu xidmətlərə görə etdiyi ödənişlər rezident müəssisədə hansı vergi öhdəlikləri yaradır?
Anar Babayev, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Bakı şəhəri (20.06.2018)

Cavab: Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident poçt rabitəsi operatoruna “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən rabitə xidmətlərinə aid edilən poçt xidmətlərinin göstərilməsinə, yəni poçt göndərişlərinin qəbulu, çeşidlənməsi, saxlanılması, daşınması, göndərilməsi və ünvan sahibinə çatdırılması fəaliyyətinə görə ödənilməli olan məbləğdən xərclər çıxılmadan 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalı, eyni zamanda qeyri-rezident şəxsin göstərdiyi həmin xdimətlərin dəyərinə onların alıcısı olan rezident şəxs tərəfindən 18 faiz dərəcə ilə ƏDV hesablanmalıdır.

Qeyri-rezidentin rabitə xidmətlərinə aid edilən poçt xidmətlərinin göstərilməsi istisna edilməklə rezidendə göstərdiyi digər xidmətlər Azərbaycan mənbəyindən əldə olunan gəlir kimi ödəmə mənbəyində vergiyə Vergi Məcəlləsinin 125.1.5-ci maddəsində göstərilən 10 faiz dərəcə ilə cəlb olunmalıdır. Buna baxmayaraq, qeyri-rezidentin göstərdiyi həmin xidmətlər Azərbaycan Respublikasının ərazisində həyata keçirilmədiyindən ƏDV-nin vergitutma obyekti təşkil etmir.

Bax: VergiMəcəlləsinin 13.2.16-cı, 125.1.4-cü, 125.1.5-ci, 150.1.6-cı, 159.2-ci, 168.1.2-ci, 168.1.5-ci və 169-cu maddələri, “Poçt haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 714-IIQ nömrəli Qanununun 1-ci maddəsi.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

Şərh yazın