Konfransda Vergi ödəyicilərin daha bir "YARALI" MƏSƏLƏSİNƏ toxunulub

Konfransda Vergi ödəyicilərin daha bir "YARALI" MƏSƏLƏSİNƏ toxunulub

«BP-Azərbaycan» şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli ƏDV depozit hesabı ilə bağlı maraqlı təklif irəli sürüb
 
«Vergilər. Şəffaflıq. İnkişaf» mövzusunda konfransda çıxış edən «BP-Azərbaycan» şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli biznes sahəsində partnyorluq məsələləri ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, vergi orqanları və vergi ödəyiciləri arasında partnyor münasibətlər, ilk növbədə, vergi ödəyicilərinin marağına xidmət etməlidir: « Vergi ödəyiciləri bu münasibətlərin ahəng­dar olmasına can atmalıdırlar. Amma praktikada bəzən əks prosesin şahidi oluruq. Əslində, bu münasibətləri yeni formada tənzimləmək mümkündür, bunun üçün stimullaşdırma, həvəsləndirmə olmalıdır».
 
 
B.Aslanbəyli qeyd edib ki, gəlir vergisi, əməkhaqqı fondundan tutulan sosial vergilərlə bağlı müəyyən problemlər var və bu sahədə təkmilləşdirilmələr aparılmalıdır. Məsələn, aşağı gəlirlərə daha aşağı vergi qoyulmaqla kiçik biznesin, hətta orta biznesin də maraqlarını təmin etmək olar. Əməkhaqqı ilə bağlı fiskal yükün aşağı salınması sahibkarlıq subyektlərinin vergidən yayınmasının qarşısını alar, əmək münasibətlərinin rəsmiləşdirilməsinə şərait yaradar və nəticədə vergi bazasının artırılması mümkün olar». ƏDV dərəcələrinin diferensiallaşdırılması ilə bağlı fikirlərini də diqqətə çatdıran vitse-prezident qeyd edib ki, müəyyən sahələrdə fərqli ƏDV dərəcələri tətbiq etmək mümkündür: «Bir çox ölkələrdə müxtəlif dövrlərdə ƏDV dərəcələri dəyişdirilir, məsələn, böhran dövrünə uyğun dərəcələr müəyyənləşdirilir. Bu, iqtisadi qanunların, çağırışların tələblərinə uyğun atılan adekvat, çevik addımdır. Müəyyən mərhələdə ölkəmizdə diferensial ƏDV-ni tətbiq etmək olar».
 
B.Aslanbəyli ƏDV depozit hesabına diqqət çəkərək qeyd edib ki, depozit hesabında yığılan vəsaitin vergi yükü ödənildikdən sonra digər məqsədlər üçün istifadəsi nəzərdən keçirilməlidir: «Artıq ödənilmiş vergilərin geri qaytarılması prosedurlarının daha da sadələşdirilməsi faydalı olardı. Bütün bunların fonunda mühasibatın yeniləşməsinə ehtiyac var, mühasiblik mədəniyyətinin təkmilləşdirilməsi, stimullaşdırılması, həvəsləndirilməsi vacibdir. Hesab edirəm ki, mühasibatın təkmilləşdirilməsi ümumi islahatlar paketinə öz müsbət təsirini göstərə bilər».
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər