Cümə, 19 Aprel 2019 10:40

Diqqət! "Cari vergi ödəmələrinin hesablanması haqqında arayış"ın məlumatları ŞƏXSİ hesab vərəqəsinə qeyd edildi

Xəbər verdiyimiz kimi,  Vergi Məcəlləsinin 218.5-ci maddəsinə edilmiş əlavəyə əsasən, aşağıdakı vergi ödəyiciləri qanunun tələbindən irəli gələrək 01 yanvar 2019-cu il tarixdən məcburi qaydada sadələşdirilmiş formada verginin hesablanması hüququndan məhrum ediliblər:

  • işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;
  • topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;
  • vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulmuş şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla);
  • qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər;
  • xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;
  • bina tikintisi fəaliyyəti ilə məşğul olan və icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb edilən fəaliyyət növü ilə məşğul olan şəxslər.

Sadələşdirilmiş verginin ödəyicisi olmasına məhdudiyyət qoyulan fiziki və hüquqi şəxslər 1 yanvar 2019-cu ildən müvafiq olaraq gəlir və mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir. Həmin vergi ödəyiciləri vergi orqanına "cari vergi ödəmələrinin hesablanması haqqında" Arayışı təqdim etsələr də, bəyannamələrdə olduğu kimi hesablanan vergilər şəxsi hesab vərəqələrinə işlənilmirdi. Artıq vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutusuna (Online kargüzarlıq) cari vergi ödəmələrin hesablanması haqqında aşağıdakı formada cavab göndərilir. Həmçinin vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə, "FŞGV (fiziki şəxsin gəlir vergisi"- 1.Rüb 2019 - Cari hesablama (151.5)" adı altında əməliyyat daxil edilərək arayışın əsasında hesablanan vergi məbləği də əks etdirilir.

----------------------------------------------------------------------------------------------------------------

HÖRMƏTLİ VERGİ ÖDƏYİCİSİ

 Cari vergi ödəmələrinin hesablanması haqqında

 Sizin 2019-cu ilin 1-ci rübü üçün təqdim etdiyiniz cari vergi ödəmələrinin hesablanması haqqında arayışa Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində baxılmışdır.

Bildiririk ki, cari vergi ödəmələrinin hesablanması haqqında arayışın işlənilməsi tərəfimizdən təmin edilmişdir.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin 195 nömrəli Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

  

Vergilər Nazirliyi yanında Bakı şəhəri

Kiçik Sahibkarlıqla İş Departamentinin

baş direktorunun müavini,

vergi xidməti müşaviri                                                                       Vüsal Qarayev

----------------------------------------------------------------------------------------------------------------

Cari vergi ödəməsi haqqında arayış təqdim edən hörmətli vergi ödəyiciləri, online kargüzarlıq və şəxsi hesab vərəqəsinə daxil olaraq, məlumatların düzgün işləməsini yoxlaya bilərsiniz.

 

Şərh yazın