Qalib Toğrul Nazirlər Kabinetinin qərarına münasibət bildirib

Qalib Toğrul Nazirlər Kabinetinin qərarına münasibət bildirib

“A-dan Z-yə Kargüzarlıq” kitabının müəllifi Qalib Toğruldan iş və istirahət günlərinin yerdəyişməsinin necə rəsmiləşdirilməsi ilə bağlı nümünəvi forma

Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli, 461 №-li qərarı həmkarlarımız tərəfindən birmənalı qarşılanmayıb. Fikir və ifadə azadlığına hörmət nümayiş etdirən Mks.az saytı qərarla bağlı fərqli mövqelərin dərcini davam etdirir.

“A-dan Z-yə Kargüzarlıq” kitabının müəllifi Qalib Toğrul Nazirlər Kabinetinin qərarının müəssisə səviyyəsində rəsmiləşdirilməsi qaydasını təqdim etməklə yanaşı, normativ aktın Əmək Məcəlləsinə zidd olması ilə bağlı səslənən fikirlərə də münasibət bildirib.

Qalib Toğrul bildirib ki, Əmək Məcəlləsinin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət günlərində işçilərin işə cəlb olunmasının yolverilməzliyi Məcəllənin 107-ci maddəsində təsbit olunub: “İstirahət günü ilə iş gününün yerinin dəyişdirilməsi kimi müstəsna səlahiyyət “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verilib”.

Ekspertin sözlərinə görə, nə işəgötürənin, nə də işçinin belə səlahiyyəti var: “İki anlayış var ki, bəzən praktikada onları qarışdırılar: İş və istirahət günlərinin yerdəyişməsi və iş vaxtı rejiminin dəyişməsi. Adətən, 5 günlük iş həftəsində bir qayda olaraq şənbə və bazar günləri istirahət günləri hesab edilir. Ancaq bəzi müəssisələr var ki, işin, xidmətin və ya istehsalın xarakterindən asılı olaraq işəgötürənlər istirahət günlərini başqa günlərə, tutaq ki, bazar ertəsi və bazar günlərinə təyin edirlər. Bu da belə yanlış təsəvvür yaradır ki, işəgötürənin istədiyi vaxt istirahət günlərini dəyişmək səlahiyyəti var, ancaq bu, belə deyil.

Əvvəla, bu hal, iş və istirahət günlərinin yerdəyişməsi yox, iş vaxtı rejiminin dəyişməsidir. İkincisi, işəgötürən ürəyi istədiyi vaxt iş vaxtı rejimində dəyişkilik edə bilməz. Bir qayda olaraq, iş vaxtı rejimi vərdiş olunandan fərqlidirsə, mütləq daxili normativ aktda konkret olaraq əks etdirlir, işçi işə qəbul olunanda həmin aktla tanış olur, eyni zamanda bu məsələlər işçinin əmək müqaviləsində də göstərilir. Belə iş rejimi olan müəssisələrə nümunə kimi notariusları göstərmək olar”.

Nazirlər Kabinetinin qərarının Əmək Məcəlləsinin “Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır” müddəasını nəzərdə tutan 104-cü maddəsinin 1-ci hissəsinə və 89-cu maddəsinin 3-cü hissəsinə (Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz) zidd olması fikrinə münasibət bidlirən Qalib Toğrul deyib ki, Nazirlər Kabinetinə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə müstəsna səlahiyyəti elə Əmək Məcəlləsi verdiyindən burada ziddiyyət görmürəm: “Bu, xüsusi bir haldır və ən əsası daimi deyil, birdəfəlik xarakter daşıyır. Məqsəd işçilərin istirahət və qeyri-iş günü sayılan bayram günlərindən rasional istifadə etmələrinə şərait yaratmaqdır. Bu addım işçilərin mənafelərinin qorunması, onların bayram günlərindən daha səmərəli faydalanması məqsədilə atılıbsa, biz hansı əsasla işçilərin hüquqlarının pozulmasından danışa bilərik?!

Burada ikinci nüans ondan ibarətdir ki, əgər iş və istirahət günlərinin yerinin dəyişdirilməsi zamanı həftələtarası fasiləsiz istirahət günlərinin verilməsi qaydasına və 40 saatlıq normaya əməl olunarsa, onda bu dəyişikliyin nə məntiqi olar, nə də mənası. Sadalanan şərtlərə əməl etməklə müvafiq yerdəyişməni həyata keçirmək praktiki olaraq mümkün deyil. Qeyd etdiyim kimi bu, bir istisna haldır və sırf işçilərin mənafeləri düşünülərək atılmış addımdır.”  

Qalib Toğrul hesab edir ki, Nazirlər Kabinetinin qərarından sonra müəssisədaxili kargüzarlığın düzgün təşkili məqsədilə müvafiq əmrin imzalanması doğru olardı: “Əmrdə bir neçə vacib məsələnin əks etdirilməsi lazımdır. Sənəddə əmrin əsaslandığı normativ aktlar, iş və qeyri-iş günlərinin dəqiq tarixləri, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı işçilərin məlumatlandırılması barədə göstəriş, hansı gün işçilərin iş gününün bir saat qısaldılması və iş vaxtının uçotu ilə bağlı məsələlər mütləq əhatə olunmalıdır. Həmkarlarımızın işinin yüngülləşdirilməsi məqsədilə aşağıda belə əmrin nümunəvi formasını təqdim edirik:

 

Blank “Alov” MMC

ƏMR

№________

 

Bakı şəhəri                                                                      05 dekabr 2019-cu il

 

İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli, 461 №-li qərarına və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin  102-ci maddəsinin 1-ci bəndinə, 105-ci maddəsinin 7-ci bəndinə  və 108-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq işçilərin istirahət və qeyri-iş günü sayılan bayram günlərindən rasional istifadə etmələrinin təmin olunması məqsədilə

ƏMR EDİRƏM: 

  1. 2019-cu ilin 28 və 29 dekabr tarixlərinə təsadüf edən istirahət günləri iş günləri hesab olunsun.
  2. 2019-cu ilin 31 dekabr, 2020-ci ilin isə 1, 2, 3, 4, 5 və 6 yanvar tarixləri qeyri-iş günü sayılsın.
  3. İşçilərin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramından sonra yeni təqvim ilində işə başlama tarixi 7 yanvar 2020-ci il hesab edislin.
  4. 30 dekabr 2019-cu il tarixində iş günün müddəti 1 saat qısaldılsın.
  5. Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Nazim qızı Cəmiyyətin bütün işçilərinin əmrlə müvafiq qaydada tanış olmasını təmin etsin və istirahət günləri ilə iş günlərinin yerinin dəyişməsi səbəbindən iş vaxtının uçotunda zəruri düzəlişlərin aparılmasını həyata keçirsin.
  6. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Nazim qızına həvalə olunsun.

Direktor ________ Nəbili N.N.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər