Cümə, 19 Aprel 2019 08:38

Əmək müqaviləsi ilə bağlı cərimələrin misalla izahı

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əgər yoxlama zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni on nəfər və ondan çox işçi cəlb edilibsə, bu zaman Cinayət Məcəlləsinin tələblərinə müraciət edilir. Cinayət Məcəlləsinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə 162-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Vergi ödəyicisində eyni əməllər təkrar törədildikdə isə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq edilir.
Bir məsələ də qeyd olunmalıdır ki, yalnız bir dəfə Cinayət Məcəlləsi üzrə tələbləri pozan şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.
Vergi yoxlamaları zamanı isə Vergi Məcəlləsinin 58.10-cu maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Yalnız bir dəfə Cinayət Məcəlləsi üzrə tələbləri pozan şəxs Azərbaycan Respublikasının
Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda,
habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət
sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir
Misal:
Vergi nəzarəti tədbirləri zamanı məlum olur ki, mağazada çalışan 2 işçi əmək müqaviləsi olmadan işə cəlb edilib. Əvvəlki qaydaya əsasən, təqvim ili ərzində belə hala birinci dəfə yol verilən halda 2.000 (1.000 x 2) manat maliyyə sanksiyası tətbiq edilirdisə, yeni dəyişikliyə əsasən, cərimə 4.000 (2.000 x 2) manat təşkil edəcək. Təqvim ili ərzində işəgötürənə hər bir belə şəxs üzrə bu cür hallara ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.
Bir məsələni qeyd edək ki, 30 noyabr 2018-ci il tarixli "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanuna əsasən, 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hallara birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq olunur.
Fəxriyyə İKRAMQIZI
Vergiler.az

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı SATIŞDA

 

Şərh yazın