Cümə axşamı, 06 Avqust 2020 07:30

Son dövlərin aktual məsələsi olan ezamiyyə kimlərə şamil olunur və necə hesablanır?

Satışda olan "Vergi uçotu: A-dan Z-yə" kitabının "Gəlirdən çıxılan və çıxılmayan xərclər" bölməsindən seçmə

Ezamiyyə xərclərinə keçməmişdən öncə qeyd edək ki, qanunvericiliklə vergi ödəyicisinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Təcrübədə rast gəlinir ki, təsisçi və ya xidmət müqaviləsi ilə fəaliyyət göstərən şəxsə ezamiyyə xərci hesablanır. Bu düzgün deyil, cünki ezamiyyə yalnız işçiyə ödənilən məbləğdir.
Ezamiyyə məbləğinin gəlirdən çıxılmasına gəlincə isə, Vergi Məcəlləsinin 109.7-ci maddəsinə əsasən, faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır.
Məcəllədə normalar dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilən həm respublika daxili, həm də xarici ezamiyyə normaları nəzərdə tutulur.
Qeyd edək ki, həm ezamiyyə normaları, həm də ezamiyyə qaydaları ilə bağlı qanunvericilik aktları kitabın üzərindəki CD diskdə yerləşdirilib.
İndi isə ezamiyyə normalarının hesablanmasını konkret misal üzərində izah edək:

Misal. İşçi 5 günlük ezamiyyəyə gedib. 3 gün Bakı şəhərində olub, digər 2 gün regionlarda - 1 gün Gəncədə (50 manat mehmanxana çeki təqdim edib), 1 gün isə Şəkidə (52 manat mehmanxana çeki təqdim edib) gecələyib. Bakı şəhərində 2 gecə qalsa da, yalnız 1 günün gecələmək qəbzini təqdim edib. Həmin qəbz 80 manatlıqdır. Bu halda işçiyə nə qədər ezamiyyə haqqı ödənilməli olduğuna baxaq.
Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli «Ezamiyyə xərclərinin normaları haqqında» qərarı var. Həmin qərarda yazılıb: “Dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında istifadə olunan ezamiyyə xərclərinin normalarını təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilsin. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20 iyun 2018-ci il tarixli, 269 saylı qərara əsasən, ezamiyyə normalarının bu məbləğlərlə hesablanması 1 iyul 2018-ci ildən etibarən həyata keçirilir. Qaydalara istinad edərək, ezamiyyə xərclərinin hesablanmasını həyata keçirək.
1-ci gün Bakı şəhəri üçün gündəlik xərc – 18 manat (90 manat x 20 faiz).
1-ci gün Bakı şəhəri üçün mehmanxana xərci - 72 manat (90 manat x 80 faiz).
Mehmanxana xərci üçün 80 manatlıq çek təqdim edilməsinə baxmayaraq, qaydalara görə 72 manat ezamiyyə hesablanılmalıdır.
2-ci gün Bakı şəhəri üçün gündəlik xərc – 18 manat (90 manat x 20 faiz).
2-ci gün Bakı şəhəri üçün mehmanxana xərci - 36 manat (90 manat x 80 faiz x 50 faiz).
Qaydalara görə, işçi mehmanxana çeki təqdim etmədiyinə görə, ona ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.
3-cü gün Bakı şəhəri üçün gündəlik xərc – 18 manat (90 manat x 20 faiz).
Bakı uzrə cəmi ezamiyyə xərci = 18 manat x 3 gün (3 günlük gundəlik xərc) + 72 manat (1-ci günün mehmanxana xərci) + 36 manat (2-ci günün mehmanxana xərci) = 162 manat
3-cü gün Gəncə şəhəri üçün 50 manatlıq mehmanxana qəbzi (normaya uyğun mehmanxana xərci 56 manat (70 manat x 80 faiz) olsa belə) təqdim edildiyi səbəbindən həmin məbləğ nəzərə alınır.
4-cü gün Gəncə şəhəri üçün gündəlik xərc – 14 manat (70 manat x 20 faiz). Gəncə şəhəri üzrə cəmi ezamiyyə xərci= 14 manat (1 günlük gundəlik xərc) + 50 manat (1 günlük mehmanxana xərci) = 64 manat.
4-cü gün Şəki şəhəri üçün mehmanxana xərci – 52 manat (65 manat x 80 faiz).
5-cü gün Şəki şəhəri üçün gündəlik xərc – 13 manat (65 manat x 20 faiz).
Şəki şəhəri üzrə cəmi ezamiyyə xərci = 13 manat (1 günlük gündəlik xərc) +52 manat (1 günlük mehmanxana xərci) = 65 manat.
Ezamiyyə xərclərinin YEKUNU = 162 manat + 64 manat + 65 manat = 291 manat
Əlavə olaraq bildirək ki, Bakı üzrə təqdim olunan sənədlərdəki məbləğlə mehmanxana xərci norması arasında 8 manat (80 manat - 72 manat) fərq var. Təşkilat rəhbərliyi qərara alsa ki, bu məbləği mənfəət hesabına ödəsin, o zaman işçiyə 299 manat (291 manat + 8 manat) ezamiyyə xərci ödənilməlidir.
Zəruri qeyd: Gündəlik xərclər üçün hər hansı təsdiqedici sənədlər tələb olunmur, yəni nahar üçün restoran çeki və ya mədaxil qəbzi almağa ehtiyac yoxdur.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda

Şərh yazın