1 yanvar 2022-ci ildən əmək müqaviləsinə xitamla bağlı tətbiq olunan iki önəmli dəyişiklik hansıdır?
Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə
Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində edilən dəyişiklik işçinin əmək müqaviləsinə xitam verilən zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq ödənilən təminatlarla bağlı iki halı tənzimləyir.
Birinci hal Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi zamanı ödənilən müavinətlərin gəlir vergisindən azad edilməsi ilə bağlıdır.
Mİsal 1. Təsisçilər qərar verirlər ki, hüquqi şəxsin ləğvi həyata keçirilsin və bununla bağl işçilərin əmək müqavilələrinə xitam verilsin. Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi (müəssisənin ləğvi) ilə bağlı xitam verilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında;
bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında.
Artıq vergi ödəyicisi işçinin əmək stajından asılı olmayaraq onlara ödənilən işdənçıxarma müavinətindən gəlir vergisi hesablamayacaq.
Sual oluna bilər ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində “müəssisənin ləğvi” anlayışından istifadə edilməsinə baxmayaraq, niyə Vergi Məclləsinin 102.1.4-cü maddəsində “hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi” ifadəsi yer alıb? Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli iclasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294-cü və 296-cı maddələri şərh edilib. Konstitusiya Məhkəməsi Plenumunun qərarından mövzumuzla bağlı çıxarışı diqqətinizə çatdırırıq:
“1. Əmək müqaviləsi işçi ilə mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, habelə səlahiyyətli orqan tərəfindən bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə ləğv edilməlidir.
Əmək müqaviləsi işçinin çalışdığı iş yeri üzrə mülkiyyətçinin müvəkkil etdiyi müəssisənin rəhbəri ilə bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv edilərkən həmin müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin ləğv edilməsi əsası ilə ləğv edilməlidir.”
Qərardan göründüyü kimi, müəyyən hallarda işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv edilərkən əmək müqaviləsinə xitam verilməsi halı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin ləğv edilməsi əsası ilə eyniləşdirilir.
İkinci hal işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatların gəlir vergisindən azad edilməsi ilə bağlıdır.
Əmək Məcəlləsinin 77-ci maddəsinin yeddinci hissəsinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir.
Hər iki dəyişiklik nəzərə alınmaqla,Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi aşağıdakı kimi olub: “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar”
ƏMAS sistemi ilə bağlı Növbəti tematik təlim
Təlimin adı: ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"
Tarix: 18 iyun 2022-ci il saat 10:00
Müddət: 4 saat
Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın