Direktor və içraçı direktor: Kimin Səlahiyyəti və məsuliyyəti hara qədərdir?

Direktor və içraçı direktor: Kimin Səlahiyyəti və məsuliyyəti hara qədərdir?

Sual: - İcraçı direktor dəyişəndə vergi orqanlarına məlumat verilməlidir? İcraçı direktorla direkorun fərqi nədir? İcraçı direktorun yol verdiyi səhvlərə görə təsisçi məsuliyyət daşıyırmı? 
 
Cavab: - Direktor, baş direktor, idarə heyətinin sədri kimi vəzifələr icraçı direktor vəzifəsindən əsaslı şəkildə fərqlənir. Belə ki, Mülki Məcəlləyə, Vergi Məcəlləsinə və digər normativ aktlara nəzər yetirsək, aydın olar ki, istənilən təşkilati-hüquqi formalı müəssisədə rəhbər vəzifələr dedikdə direktor, baş direktor, idarə heyətinin sədri başa düşülür. İcraçı direktor vəzifəsi təcrübədə əsasən direktor müavinlərinə aid olan funksiyaları yerinə yetirir, yəni direktor icraçı direktora özünün nəzarət funksiyalarına aid olan səlahiyyətlərinin bir hissəsini həvalə edir. Ancaq bu o demək deyil ki, təşkilatın direktoru səlahiyyətlərini icraçı direktora verməklə özü məsuliyyətdən azad olur. Məsələn, bəzi təşkilatların direktorları bank imzasını icraçı direktora verir və elə başa düşür ki, özü məsuliyyətdən azaddır, amma bu, belə deyil. Çünki bu funksiyalar direktora aiddir, sadəcə, etibarlı bir şəxs kimi onları başqasına həvalə edib. Yəni icraçı direktorun səhvi üzündən təşkilata hər hansı bir məsuliyyətli öhdəlik yaranarsa, onda hər ikisi buna cavabdehdirlər.
Qaldı ki, vəzifə dəyişikliyi barədə vergi orqanlarına məlumat verilməsinə, bu, Vergi Məcəlləsinin 34-cü maddəsi  ilə tənzimlənir.
34.3. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40* gün müddətində vergi orqanına məlumat verməlidir.
34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla)* tərəfindən ərizə verilir.
Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla)* uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq olunmuş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər.
Maddədən tam aydın olur ki, vergi ödəyicisi uçota alınanda verdiyi ərizədə direktor haqqında məlumatları qeyd edir. İcraçı direktor dəyişiləndə isə vergi orqanlarına məlumatın verilməsi nəzərdə tutulmayıb.
Sualınızda səsləndirilən məsuliyyət məsələsilə bağlı isə Mülki Məcəlləyə nəzər yetirməliyik.
87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 
Bu maddə məhdud məsluliyyətli cəmiyyətlərə aiddir. Maddədən aydın olur ki, məhdud məsluliyyətli cəmiyyətlərin təsisçisi müəssisənin rəhbərliyinin səhvlərinə görə yaranan öhdəliklərə tam cavabdehlik daşımır, ancaq nizamnamə kapitalındakı payı qədər məsuliyyət daşıyır. Məsələn, tutaq ki, cəmiyyətin nizamnamə kapitalı 100 manatdır, onun 1000 manat borcu yaranıb. Təsisçilər deyə bilərlər ki, cəmiyətin borcunun ödənilməsinə ancaq həmin 100 manatı yönəldirik. Bu maddəni göstərməkdə əsas məqsədim ondan ibarətdir ki, neçə illərdir, dövlət qeydiyyatından keçən müəssisələr məhdud məsluliyyətli cəmiyyət adı ilə rəsmiləşdirilir. Hazırda fəaliyyət göstərən təşkilatların əksəriyyəti məhdud məsluliyyətli cəmiyyətlərdir.

0 Komment

    Şərh yazın

    Xəbərlər