Təsisçi istifadəsində olan əmlakı pay kimi nizamnamə kapitalına qoya bilər?

Təsisçi istifadəsində olan əmlakı pay kimi nizamnamə kapitalına qoya bilər?

Sual: - Dəfələrlə verdiyim suallara ətraflı cavab yazdığınıza görə Sizə minnətdarlığımı bildirirəm. Asağıdakı sualıma aydınlıq gətirməyi Sizdən xahiş edirəm. Diqqətinizə çatdırmaq istəyirəm ki, müəssisənin istifadəsində  uzunmüddətli ( 15 il) icarə müqaviləsi əsasında dövlət ehtiyat fondu torpaqları mövcuddur. 
Müəssisə  bu  torpaqlarda kənd təsərrüfatı istehsalını həyata keçirir. İstifadə hüquqlarına görə uzunmüddətli icarəyə götürülən torpaq sahələrini qiymətləndirərək auditor rəyindən sonra balansın aktivlərində (Torpaq-dəyər)  məbləği göstərərək müəssisənin nizamnamə kapitalının artırılmasına yönəltmək istəyirik. Bu halda müəssisədə hansı sənədləşmə işlərinin aparılmalı olduğu barədə məlumat almaq istərdim.
 
 
Orxan Yusifov
 
Cavab: Maraqlı sualdır. Belə hallara praktikada çox az rast gəlinir. Ən əsası ona görə ki, praktikada hər hansı bir kommersiya hüquqi şəxsin nizamnamə kapitalının formalaşması əsasən pul formasında və təsisçilərin, payçıların, səhmdarların öz mülkiyyətində olan daşınan və daşınmaz əmlakları hesabına həyata keçirilir. Ona görə də Sizin göstərdiyiniz hal oxucular üçün də maraqlı olacaq. Əvvəlcə Milki Məcəlləyə (MM) müraciət edək. Daha doğrusu nizamnamə kapitalı haqqında hansı məlumatlar verilməsinə baxaq.
 
Maddə 45. Hüquqi şəxsin yaradılması
45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.
45.2. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.
 
İndi isə MM-də məhdud məsuliyyətli cəmiyyətlər haqda nə yazıldığına nəzər salaq.
 
Maddə 90. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı
 
90.1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz.
 
Nizamnamə kapitalı təsisiçlərin əmlakları hesabına formalaşmalıdır. Mən həmin əmlakın təsisçilərin mükiyyətində və ya istifadəsində olması haqqında hər hansı bir məcburiyyətə rast gəlməmişəm. Bəli, təsisçinin nizamnamə kapitalına pay kimi qoyacağı əmlak onun istifadəsində də ola bilər, mülkiyyətində də. Təsisçi istifadəsində (icarə kimi istifadədə olan) olan əmlakı pay kimi nizamnamə kapitalına qoya bilər. Ancaq bildirim ki, bu düzgün əməliyyat deyil. Bir auditor kimi mən heç vaxt icarədə olan əmlakın nizamnamə kapitalına pay kimi qoyulmasına rəy verməzdim. Ona görə ki, icarədə olan əmlak icarəçi ilə icarəyə verən arasında olan münasibətlərdən asılıdır, icarəyəverən istənilən zaman müqavilənin şərtlərini poza və əmlakını geri ala bilər. Bundan əlavə, icarə münasibətləri müddətli olur, ona görə auditor risk edib rəy verərsə, o da müddətli (nizamnamə kapitalı müəyyən müddətdə müəyyən məbləğdə ola bilər) olmalıdır.Amma müddətsiz istifadədə olan, mülkiyyətində olmayan əmlaka risksiz rəy vermək mümkündür.
Gələk məsələnin ikinci hissəsinə. Siz qeyd edirsniz ki, torpaq dövlət mülkiyyətindədir. Qeyd etdiyim kimi bu daha da risklidir. Bildiyim qədər, dövlət və bələdiyyə torpaqları ilə icarə müqavilələrində maddələr var ki, həmin torpaqlar digər şəxslərin icarəsinə və istifadəsinə ancaq icarəyəverənin razılığı ilə verilə bilər. Sizin halınızda əgər təsisçinin icarəsindədirsə, onun yenidən hüquqi şəxsin nizamnamə kapitalına pay kimi qoyulması risklidir.
Sonda sualın üçünçü hissəsinə nəzər salaq. Qeyd edirsiniz ki, icarə müqaviləsi təsisçi ilə yox, müəssisənin özü bağlanılıb. Artıq həmin torpaq birbaşa icarə münasibətləri əsasında müəssisənin istifadəsindədir. Mənim fikrimcə, bu torpaq sahəsini Siz yenidən qiymətləndirib, müəssisənin nizamnamə kapitalına pay kimi qoya bilməzsiniz. Ona görə ki, bu təsisçinin yox, artıq hüquqi şəxsin birbaşa istifadəsindədir. Ola bilsin ki, siz MM-in 90.5-cı maddəsini əsas götürərək belə etmək istəyirsiniz, amma bu, tamam başqa məsələdir.
Sənədlərə gəldikdə, auditlorla müqavilə bağlamalısınız, təsisçilərin ümumi yığıncağının qərarı olmalıdır, qiymətləndirmə haqqında razılaşma olmalıdır, auditor qiymətləndirmə ilə razılaşmalıdır, əmlakın təhvil-təslimi olmalıdır və sonda auditor hesabat verməlidir. Həmin hesabatda rəy ifadə olunmalıdır ki, həqiqətən də nizamnamə kapitalı artırılmışdır və artırılma formalaşdırılmışdır.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər