Inzibati Xətalar məcəlləsində vəzifəli şəxslər dedikdə kimlər nəzərdə tutulur?

Inzibati Xətalar məcəlləsində vəzifəli şəxslər dedikdə kimlər nəzərdə tutulur?

 

Sual: İnzibati Xətalar Məcəlləsində “vəzifəli şəxslər” anlayışından istifadə edilir. Məncə, əmək qanunvericiliyinin pozulması ilə bağlı vəzifəli şəxs dedikdə, kadrlar üzrə məsul işçi nəzərdə tutulur. Bu, belədirmi? Qanunda göstərilirmi ki, vəzifəli şəxs neçə dəfə cərimələndikdən sonra onun həmin sahədə əmək qabiliyyətinə müvəqqəti qadağa qoyulur?

Mahmud Quliyev

Cavab: Əmək Məcəlləsinin 53- 63-1 maddələri əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Məsuliyyətin subyekti müvafiq olaraq hüquqi şəxs, işəgötürən və ya vəzifəli şəxsdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.

 

Göründüyü kimi, işəgötürən əmək müqaviləsi və təlimatlar çərçivəsində səlahiyyətlərini vəzifəli şəxslərə verə bilər. Sizin qeyd etdiyiniz hal mümkündür, kadrlar üzrə məsul şəxs İnzibati Xətalar Məcəlləsində (İXM) nəzərdə tutulan hallarda və səlahiyyətlər daxilində vəzifəli şəxs kimi inzibati məsuliyyət daşıya bilər, amma bu, heç də həmişə belə olmur. Bir sıra hallarda işəgötürən yeganə vəzifəli şəxs kimi bütün məsuliyyəti özü daşıyır.

Sualınızın ikinci hissəsinə gəlincə, cərimələrlə bağlı vəzifəli şəxsin əmək qabiliyyətinə müvəqqəti qadağa qoyulması üçün qanunvericlikdə hansısa hal nəzərdə tutulmayıb. İXM-in 186-cı maddəsinə əsasən, işəgötürənin intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə

müəyyən edilmiş qaydada cəlb edilir. Sözügedən maddədən belə çıxır ki, işəgötürən özü sahibkar olmadığı hallarda, sahibkar və ya müvafiq icra hakimiyyətinə münasibətdə işçidir və əmək qanunvericiliyi ilə nəzərdə tutulan intizam məsuliyyətini daşıyır. Əmək qanunvericiliyinə görə, əmək qanunvericiliyinin pozulması işçinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İntizam tənbehinin növləri isə müxtəlifdir. Buraya, o cümlədən, Əmək Məcəlləsinin 70ç və 72-ci maddələrində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinə xitam verilməsi də daxildir.

"Hər kəsin hüququ" rübrikasından

 

1 Komment

  1. Ruslan 15 Dekabr 2020

    Xidmet sektoru sayilan otelde emek miqavilesi ile calisan sexs vezifeli ve ya huquqi sexs sayilirmi?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər