Əmək qanunvericliyinin pozulmasına görə İnzibati xətanın müddətinin keçməsi necə tənzimlənir?

Əmək qanunvericliyinin pozulmasına görə İnzibati xətanın müddətinin keçməsi necə tənzimlənir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

İnzibati xətalarla bağlı ən maraqlı məqam inzibati xətanın müddətinin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilmədir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmçinin, Məcəllənin 38.2-ci maddəsinə əsasən, Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddət (yəni, 3 ay) uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır.

Əvvəlcə Məcəllənin 38.1-ci maddəsindəki 3 ay məsələsinə aydınlıq gətirək.

Mİsal. 2022-ci ilin fevral ayı üzrə işçinin əmək haqqı düzgün hesablanmayıb. İşçinin şikayəti əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti aprel ayında yoxlamaya başladıqda, həmin inzibati xətanın aradan qaldırılıb-qaldırılmamasından asılı olmayaraq, inzibati protokol tərtib edərək vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 192.4-cü madəsinə uyğun olaraq yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edəcək. Çünki inzibati xətanın baş verdiyi tarixdən 3 ay müddət keçməyib.

İnzibati Xətalar Məcələsinin 38.2-ci maddəsində qeyd edilən “uzanan inzibati xəta”nın konkret açıqlaması qanunvericilikdə yoxdur. Öncə onu bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində əvvəllər “uzanan” yox, “davam edən” inzibati xəta anlayışından istifadə olunurdu. 23 fevral 2021-ci il tarixli, 270-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 38.2-ci maddədə “davam edən” sözü “uzanan” sözü ilə əvəz edilib.

İndi isə “uzanan inzibati xəta” anlayışını izah etməyə çalışaq. Misal üçün, işəgötürən işçiyə aylıq iş saatı normasından çox iş vaxtı müəyyən edib və işçi də fasiləsiz olaraq həmin iş saatında işləyir.

Başqa bir misalı qeyd edək. 

Mİsal. İşçi 1 yanvar 2022-ci il tarixdən mühasib vəzifəsində çalışsa da, işəgötürən ona 21 gün məzuniyyət hesablayıb. Dövlət Əmək Müfəttişliyi Xidməti həmin xətanı 2022-ci ilin sentyabr ayında aşkar edərsə, o zaman ona inzibati cərimə tətbiq edəcək. Baxmayaraq ki, inzibati xətanın baş vermə tarixindən - 1 yanvar 2022-ci il tarixindən 3 ay keçib, amma inzibati xəta uzanan xəta olduğu üçün cərimə tətbiq edilir.

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitutsiya Məhkəməsinin  4 sentyabr 2018-ci il tarixli qərarında uzanan (və ya davam edən) xətalara qismən də olsa, aydınlıq gətirilir: “Hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır:

- bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir;

- bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır;

- qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur.

“Uzanan hüquqpozuntuları” (cinayət, xəta) isə başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir.

“Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır.

Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər...”

Fikrimizcə, əmək müqaviləsinə xitamın düzgün həyata keçirilməməsi, son haqq-hesabın ödənilməməsi, xitam zamanı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın verilməməsi  və s. oxşar hallar uzanan inzibati xəta hesab olunmur. Dövlət Əmək Müfəttişliyi Xidməti həmin xəta baş verdiyi tarixdən 3 ay keçdikdən sonra inzibati cərimə tətbiq edə bilməz. Bir daha qeyd edirik ki, bu uzanan inzibati xəta ilə bağlı nəşrin müəllif heyətinin  mövqeyidir.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər