Elekton ticarətlə bağlı 10 vəya 18 faiz dərəcə ilə hesablanan vergi öhdəliyinin izahı

Elekton ticarətlə bağlı 10 vəya 18 faiz dərəcə ilə hesablanan vergi öhdəliyinin izahı

"Baker Tilly" şirkətinin vergi və hüquq məsələləri üzrə partnyoru Nərmin Hacıyevanın təqdimatında

2016-cı ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vergi sahəsində bir sıra islahatların istiqamətləri müəyyənləşdirildi. Onlardan biri də beynəlxalq təcrübədə rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması məsələlərinin öyrənilməsi və bu mexanizmlərin qanunvericiliyə daxil edilməsi idi. Vergi Məcəlləsinə edilən dəyişikliklər arasında rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunmasında əsas iki məsələ: ödəmə mənbəyində verginin tutulması (10%) və ƏDV (18%) tətbiq edilməsi mexanizmi idi.

Təcrübədə rast gəlinən çətinliklər

Ödəmə mənbəyində verginin tutulması ilə bağlı Vergi Məcəlləsinə diqqət yetirsək, bu tətbiq xarici e-pul kisəsinə pulların qoyulması, transfer edilməsi ilə bağlı idi. Xarici e-pul kisəsinə transfer edilən istənilən maliyyə vəsaitinin köçmə anında 10% dərəcə ilə ödəmə mənbəyində,  yəni həmin maliyyə vəsaitinin sonrakı taleyi və təyinatı barəsində məlumat əldə etmədən vergi tutulur. Burada əsas məsələ hər iki verginin tutulması öhdəliklərinin bankların üzərinə qoyulmasıdır. Bu dəyişikliklər satıcının (sahibkarın) alıcıya (istehlakçıya) münasibətdə əməliyyatlarını tənzimləyir. Alıcı (istehlakçı) dedikdə isə qeydiyyata alınmayan şəxslərdən söhbət gedir. Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi qeydiyyata alınan şəxslərin, qeyri-rezidentin ƏDV ilə bağlı ödəmə mənbəyində tutulan vergi ilə bağlı öhdəlikləri var və işlək mexanizmləri mövcuddur.

 Qeyri-rezident tərəfindən elektron ticarət qaydasında iş və xidmətlərin görülməsi

Digər bir məsələ e-ticarətdə ƏDV ödənilməsi məsələsidir. Vergi Məcəlləsində qeyd edilib ki, qeyri-rezident e-ticarət satıcıları Azərbaycan Respublikası alıcılarına iş və xidmət təklif edərkən 18% dərəcə ilə ƏDV-yə cəlb olunurlar. Bura müxtəlif iş və xidmətlər daxildir. Bəs istənilən e-ticarət satıcısının təqdim etdiyi iş və xidmət sonda ƏDV-yə cəlb olunmalıdırmı?

Bununla bağlı e-ticarət haqqında qanuna edilən dəyişikliklərdə qeyd olunur ki, bura informasiya portallarının, informasiya sistemlərinin internetdən istifadə etməklə təqdim etdiyi iş və xidmətlər daxildir. Xüsusən e-kitabların, musiqinin, video-audio materialların, qrafik təsvirlərin və virtual oyunların yüklənməsi kimi əməliyyatlar və xidmətlər də 2017-ci ilin əvvəlindən e-ticarət qaydasında təqdim edilən iş və xidmətlər sayılır. Burada bir istisna müəyyən olunub: qanunun tələbi qeyri-rezident satıcının alıcıya, yəni Azərbaycan Respublikası istehlakçısına mehmanxana xidmətləri və satışı ilə göstərdiyi xidmətlərə tətbiq olunmur. Çünki bu əməliyyatlar və xidmətlər, alıcı Azərbaycan istehlakçısı olsa belə, ölkə xaricində alınır. Digər e-ticarətdən qeyri-rezidentin əməliyyatlarının ƏDV-yə cəlb olunması ilə bağlı diqqət yetirməli olduğumuz daha iki məqam isə bundan ibarətdir ki, əgər alıcı vergi ödəyicisi olmayan şəxsdirsə, ödənilən məbləğ Azərbaycan Respublikasının vergi orqanı tərəfindən alıcının vəsaiti hesabına tutulur. Qeyri-rezident satıcı öz göstərdiyi xidmətə görə hər hansı bir dəyər yaradırsa, həmin dəyər son nəticədə qeyri-rezidentə çatır.

Lakin dəyərin üzərindəki məbləğ, yəni 18%-lik ƏDV Azərbaycan Respublikasının alıcısının vəsaitindən tutulur. Bu isə o deməkdir ki, istənilən vətəndaş bu gün plastik kart vasitəsilə 10 ABŞ dolları dəyərində hər hansı bir elektron kitab yüklədikdə onun hesabından 11,80 ABŞ dolları həcmində vəsait tutulur. 

Qeyd olunan məbləğlər bank tərəfindən hesablansa da, hər hansı formada əvəzləşdirilə bilməz. Çünki ƏDV əvəzləşdirilə bilən vergi növüdür və bununla bağlı qanunvericilikdə konkret müddəalar var. Bu məbləğlər isə bankların öz fəaliyyəti ilə bağlı olan məbləğlər deyil. Bankların sırf vasitəçi olduğu, hesabladığı və tutduğu məbləğlər bu və ya digər şəkildə bank fəaliyyəti ilə əlaqəli olmadığı üçün onların əvəzləşdirilməsi mümkün deyil.

0 Komment

    Şərh yazın

    Xəbərlər