Çərşənbə, 02 Dekabr 2020 11:42

İdxal zamanı ƏDV necə formalaşmasının misalla izahı

İndi isə ƏDV-ni formalaşdıran dəyərin müəyyən olunmasında fərqli yanaşma tələb olunan idxal əməliyyatları haqqında məlumat verək. Vergi Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

“İdxal-ixrac əməliyyatları“ bölməsində idxal əməliyyatları haqqında geniş məlumat vermişik. Həmin bölmədə qeyd etmişik ki, mallar gömrük sərhəddindən keçəndə onların gömrük dəyəri formalaşdırılır. Gömrük dəyəri formalaşdıqdan sonra, gömrük rüsumları və digər haqlar onun üzərinə əlavə olunur və alınan məbləğə ƏDV hesablanır.

Fikrimizi misalla izah edək. Tutaq ki, “A” MMC Türkiyədən 8 000 dollar məbləğində mal gətirir. Gömrük orqanları gömrük dəyərini qanunvericiliyin imkan verdiyi alternativ üsulla hesablayır və iddia edir ki, malların dəyəri 9 000 dollardır. Hesab edək ki, vergi ödəyicisi əlavə olaraq daşınma xərcinə də 1000 dollar ödəniş edib. Deməli, malların gömrük dəyəri 10 000 dollar (9000 dollar + 1000 dollar) təşkil edəcək. Malların alınmasını təsdiq edən sənəd kimi 8 000 dollarlıq invoys təqdim olunmasına baxmayaraq, gömrük orqanları gömrük dəyərini özü müəyyənləşdirir.

Gömrük orqanları malın gömrük dəyərini artırdığı üçün, həmin məbləğə hesablanan əlavə dəyər vergisi də artır. Bu halda gömrük orqanının dövlət büdcəsinə ödədiyi ƏDV məbləği nə qədər artırsa, vergi orqanlarının dövlət büdcəsinin icrası üzrə ƏDV daxilolmalarının məbləği bir o qədər azalır. Çünki vergi ödəyiciləri gömrük orqanlarına ödədikləri ƏDV-ni sonradan əvəzləşdirdiyindən, vergi orqanları vasitəsilə dövlət büdcəsinə ödəniləcək ƏDV-nin məbləği azalır. Bir başqa sözlə desək, daha çox əvəzləşdirmə, daha az vergi deməkdir!

İndi isə gömrük orqanlarının hesabladığı ƏDV-nin hesablanmasını izah edək. Fərz edək ki, gömrük orqanlarının xərci gömrük dəyərinin 10 faizi qədərdir və bundan əlavə, 100 manat da əməliyyat haqqı hesablanılıb. Mərkəzi Bankın rəsmi məzənnəsini 1 dollar = 1,70 AZN kimi qəbul edək.

Verilən göstəricilər əsasında idxal zamanı ƏDV-nin hesablanmasına baxaq:

Malların gömrük dəyəri  -  10 000 dollar x 1,7 = 17 000 manat;

Malların gömrük rüsumu -  17 000 manat x 10 faiz = 1700 manat;

Gömrük haqqı - 100 manat;

ƏDV  hesablanacaq gömrük dəyəri -  17 000 + 1700 + 100 = 18 800 manat;

ƏDV məbləği - 18 800 x 18 faiz = 3384 AZN.

Ümid edirik ki, idxal zamanı ƏDV-nin hesablanmasını sadə şəkildə izah edə bildik. Bir məsələni də qeyd edək ki, əgər idxal olunan mal aksiz vergisinə də cəlb olunursa, həmin məbləğ də ƏDV hesablanacaq dəyərə əlavə ediləcək.

Sonda bildirək ki, idxal zamanı ƏDV-nin hesablanması Vergi Məcəlləsi ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2012-ci il tarixli,  96 saylı qərarı ilə təsdiq olunmuş «Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması » Qaydasında da öz əksini tapıb. Həmin qərara əsasən, malların gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş gömrük dəyərini — «D», aksiz vergisini — «A», gömrük rüsumlarını — «R», qüvvədə olan vergi dərəcəsini isə — «V» hərfi ilə işarə etsək, onda ƏDV-nin məbləği aşağıdakı qaydada hesablanacaq:

ƏDV = (D + A + R) x V/100

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

Şərh yazın