Kimlər mütləq sadələşdirilmiş vergi ödəyicisi olmalıdır?

Kimlər mütləq sadələşdirilmiş vergi ödəyicisi olmalıdır?

Satışı bitən Anar Bayramovun müəllifi olduğu "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 218.4-cü maddəsinə əsasən, aşağıdakı vergi ödəyiciləri mütləq sadələşdirilmiş vergi ödəyicisi olmalıdırlar:
- Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər (Maddə 218.4.1.).
Əlavə dəyəri vergisi üçün nəzərdə tutulan tələblərə cavab vermədiyindən könüllü qeydiyyat üçün ƏDV-yə müraciət etməyən daşınma xidməti ilə məşğul olanlar yalnız sadələşdirilmiş vergi ödəyicisi olmalıdır. Bu qrupa Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” alaraq sadələşdirilmiş vergi ödəyənlər aiddir.

- İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər (Maddə 218.4.2.).
Bu kateqoriyaya “TOPAZ” mərc oyununu həyata keçirən şəxslər aid edilir. Qeyd edək ki, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının satıcısı tərəfindən isə operatorun ona verdiyi komisyon haqdan 2 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.
- Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər (Maddə 218.4.3.)
Bu maddəyə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin alğı-satqısı, bağışlanması zamanı notariuslar tərəfindən sadələşdirilmiş vergi tutulanlara aiddir. Bu haqda “Ödəmə mənbəyində vergi’ bölməsində geniş məlumat verilib.
1 yanvar 2020-ci il tarixdən bu maddə yalnız fiziki şəxslərə şamil olunduğundan hüquqi şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin alğı-satqısı, bağışlanması zamanı sadələşdirilmiş vergini hesablanmasına ehtiyac olmayıb.
- Fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər (Maddə 218.4.4.).
Bu maddədə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almaq hüququna malik olan vergi ödəyiciləri nəzərdə tutulur. Burda bir məqama xüsusi diqqət yetirmək lazmdır ki, bu qəbzi işçisi olmayanlar əldə edə bilər. Misal üçün, dərzi xidməti ilə məşğul olan şəxs “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” ala bilər. Amma həmin şəxsin bir nəfər işçisi varsa, onda bu hüququ itirmiş olur.
- Mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər.
Bu maddə də, notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması ilə bağlıdır. Sadəcə öncəki maddə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunmasını nəzərdə tuturdusa, bu maddə torpaq sahələrinin təqdim edilməsi halına aiddir.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər