Vergi ödəyiciləri ƏDV qeydiyyatının ləğvi ilə bağlı müəyyən suallarla üzləşirlər. Həmin suallara iqtisadçı Anar Bayramov aydınlıq gətirir.

Vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi qeydiyyata durmaq qədər asan proses deyil. Vergi qanunvericiliyinə əsasən, vergi ödəyicisinin ƏDV qeydiyyatından imtina etməsi üçün mütləq müəyyən şərtlər gözlənilməlidir. Bu zaman aşağıdakı 2 şərt çox önəmlidir:

1. Son tam 12 təqvim ayında vergiyə cəlb olunan əməliyyatların ümumi məbləği 100.000 manatdan az olmalıdır;

2. ƏDV məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən ən azı 1 il keçməlidir.

Misal 1: İstehsal sahəsində fəaliyyət göstərən “A” MMC-nin dövriyyəsi 200.000 manatı keçdiyi üçün ƏDV ödəyicisi kimi fəaliyyət göstərib. Amma istehsal və satışın azalması ilə bağlı olaraq MMC ƏDV qeydiyyatından çıxmaq barədə qərar verir və satış zamanı mallarının ƏDV-yə cəlb edilməməsini nəzərdə tutur. Bu zaman “A” MMC son 12 ayda vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləğinin nə qədər olduğuna diqqət yetirməlidir.

Təsəvvür edək ki, “A” MMC 2019-cu ilin noyabr ayından ƏDV qeydiyyatını dayandırmaq barədə oktyabr ayında qərar verir. Bu halda vergi ödəyicisinin 1 noyabr 2018-30 oktyabr 2019-cu il arasınadadövriyyəsinə diqqət yetirmək lazımdır. Əgər həmin 12 ay ərzində vergiyə cəlb olunan əməliyyatların ümumi məbləği 100 min manatdan aşağıdırsa, o zaman vergi ödəyicisi ƏDV qeydiyyatının ləğvi üçün müraciət edə bilər, əgər dövriyyənin məbləği 100.000 manatdan yüksəkdirsə, o zaman ƏDV qeydiyyatının ləğvi üçün vergi orqanına müraciət etməyə ehtiyac yoxdur.

Məsələnin digər tərəfinə baxaq. Təsəvvür edək ki, vergi ödəyicisinin 1 noyabr 2018-ci ildən 30 oktyabr 2019-cu ilədək vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği 100.000 manatdan aşağıdır, son ƏDV qeydiyyat tarixi isə 1 fevral 2019-cu ildir. Bu halda “A” MMC-nin ƏDV qeydiyyatının ləğv olunmasına icazə verilməyəcək. Çünki Vergi Məcəlləsinə əsasən, ƏDV qeydiyyatının ləğv olunması üçün son ƏDV qeydiyyatı tarixindən ən azı 1 il müddət keçməlidir.

Bir il müddət məsələsi daha çox bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduğu hallarda daha risklidir.

Misal 2: Tutaq ki, fərdi sahibkar 210.000 manatlıq müqavilə imzalayır. Vergi Məcəlləsinə əsasən, fərdi sahibkar həmin əməliyyat həyata keçirilən günədək ƏDV ödəyicisi kimi qeydiyyata alınmaq üçün ərizə ilə müraciət etməlidir. Fərz edək ki, fərdi sahibkar ƏDV qeydiyyatına alındıqdan sonra onun qarşı tərəflə müqaviləsi ləğv olunur. Bu halda vergi ödəyicisi ƏDV qeydiyyatından çıxmaq üçün 1 il gözləməlidir.

Onu da qeyd edək ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir. Vergi orqanı ƏDV-nin məqsədləri üçün qeydiyyatı ləğv edilən şəxsin adını, onun haqqında digər məlumatları ƏDV ödəyicilərinin reyestrindən silməli və verilmiş qeydiyyat bildirişini geri almalıdır.

Fərqanə Allahverdiqızı