Bazar ertəsi, 10 Avqust 2020 10:03

Nağdsız hesablaşmalarda VÖEN-i olmayan şəxslərə ödənilən məbləğlərin limitə təsiri

"Vergi uçotu: A-dan Z-yə" kitabının "Nağdsız hesablaşmalar" bölməsindən seçmə

Təcrübədə rast gəlinən müzakirələrdən biri odur ki, vergi ödəyicisi gəlirdən çıxılmayan xərclər üzrə və ya qeyri-sahibkarlıq üzrə ödənişlər edərkən, bunlar limitə aid edilir, yoxsa yox. Bu suala misalların köməyi ilə cavab tapmağa çalışaq.
Misal 1. “A” MMC mənfəət hesabına yeni il tədbiri keçirir və 2 500 manat ödənişi nağd şəkildə restorana ödəyir.
Misal 2. “A” MMC vergi ödəyicisi olmayan təsisçiyə 3 000 manat dividend ödəyir.

Hər iki misalda ödənişlərin gəlirdən edilməsinə baxmayaraq, “Nağdsız hesablaşmalar” Qanunun 3.3-cü maddəsində belə bir xüsusi hal, istisna nəzərdə tutulmur. Qanunun 3.3-cü maddəsində konkret göstərilir ki, “hesablaşmalar” üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Bundan əlavə, bir məqamı da qeyd edək ki, vergi ödəyicisinin nağdsız hesablaşmalarla bağlı qanunvericiliyin tələblərini pozaraq nağd şəkildə apardığı əməliyyatlar nəticəsində yaranan xərclər gəlirdən çıxılan xərclərə aid edilir.
Misal. “A” MMC mənfəət vergi ödəyicisi kimi fəaliyyət göstərir və aylıq nağd limiti 15 000 manat olmasına baxmayaraq, 20 000 manatlıq mallar alır. Bəzi vergi ödəyiciləri düşünürlər ki, 5 000 manatlıq (20 000 manat – 15 000 manat) mal qaydalara uyğun alınmadığına görə gəlirdən çıxılan xərclərə aid edilmir. Ancaq bu, belə deyil!
Bir daha qeyd edirik ki, qanunvericiliyin tələbləri, təsir dairəsi sırf hesablaşmalara aiddir və bu pozuntuların xərc maddəsi ilə əlaqəsi yoxdur. O səbəbdən də 20 000 manatlıq malın hamısı gəlirdən çıxılan xərclərə aid ediləcək.
Fiziki şəxslər müvafiq vergi öhdəliklərini yerinə yetirdikdən sonra sərbəst vəsaitlərdən istifadə hüququna malikdirlər. Amma bu o anlama gəlmir ki, fiziki şəxs olan vergi ödəyicisinin tipindən asılı olaraq, sərbəst vəsaitlərdən limitdən artıq nağd qaydada xərcləmək hüququ olsun. Eyni halda, hüquqi şəxsin mənfəəti hesabına aparılan əməliyyatlar da qanunvericiliyin tələblərinə uyğun icra olunmalıdır.

 
 
 

Şərh yazın