Çərşənbə axşamı, 21 İyul 2020 08:57

Sadələşdirilmiş vergi ödəyicilərinin Elektron qaimə faktura ilə bağlı diqqət yetirəsi 3 İNCƏ MƏQAM

Hazırda satışda olan "Vergi uçotu: A-dan Z-yə" kitabının "Sadələşdirilmiş vergi" bölməsindən seçmə

Hər iki maddəni sadə misallarla izah etməyə çalışdıq. Amma təcrübədə fərqli halların da baş verməsi mümkün olduğu üçün daha vacib məqamlara da diqqət yetirək.
1) Vergi ödəyicinin təqdim etdiyi elektron qaimə-fakturalar üzrə vəsait növbəti rübdə daxil olarsa, dövriyyə necə hesablanır?
Misal. Vergi ödəyicisinin 2020-ci ilin 2-cü rübü üzrə dövriyyəsi 30 000 manatdır. Vergi ödəyicisinin 2-ci rüb üzrə təqdim etdiyi 10 000 manatlıq elektron qaimə-faktura üzrə həmin dövrdə 8000 manat vəsait daxil olub. Bu halda 8000 manatlıq ödəniş, yoxsa 10000 manatlıq əməliyyat ümumi dövriyyənin həcmini əks etdirir.
Bu zaman elektron qaimə-faktura üzrə daxil olan vəsait (8000 manat) yox, rüb üzrə əməliyyatların həcmi (10 000 manat) əsas götürüləcək.
Bu halın digər variantı da mümkündür. Vergi ödəyicisinə vəsait daxil olsa da, elektron qaimə-fakturanın təqdim edilməsi növbəti rübdə baş verib. Təbii ki, vergi orqanları bu zaman diqqət yetirəcək ki, elektron qaimə-fakturanın sonrakı rübdə göndərilməsi hansı səbəbdən baş verib.
Misal üçün, vergi ödəyicisi 25 mart 2020-ci tarixdə 30 000 manatlıq malı təqdim etsə də, vəsait 30 mart 2020-ci il tarixdə daxil olub. Elektron qaimə-faktura 02 aprel 2020-ci il tarixdə təqdim edilib. Elektron qaimə-fakturanın 2020-ci ilin 2-ci rübündə təqdim edilməsinə baxmayaraq, vergi orqanı səyyar vergi yoxlaması zamanı bu əməliyyata irad tuta bilər. Çünki Vergi Məcəlləsinin 71-ci maddəsinə əsasən, m0allar göndərilən (verilən) vaxt və ya əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində elektron qaimə-faktura təqdim edilməlidir. O səbəbdən elektron qaimə-fakturanın növbəti dövrə keçməsi məsələsində həmkarlarımız diqqətli olmalıdır.

2) Vergi ödəyicisinin dövriyyəsi hesablandıqda hansı gəlirlər nəzərə alınmayacaq?
Misal. Vergi ödəyicisinin 2020-ci ilin 2-ci rübü üzrə dövriyyəsi 32 000 manat olub. Həmin dövriyyənin 20000 manatı təqdim edilən xidmətlərə görə olsa da, 12 000 manatı digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan formalaşır. Vergi ödəyicisi 2-ci rüb üzrə 6500 manat məbləğində elektron qaimə-faktura təqdim edib.
Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən, satışdankənar gəlirlər dedikdə, digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri başa düşülür.
Vergi Məcəlləsinin həm 218.6.1-ci həm də 218.6.2-ci maddələrində ümumi ticarət əməliyyatlarında satışdankənar gəlirlər istisna edir.
O səbəbdən də, vergi ödəyicinin rüb ərzində dövriyyəsinin 32 000 manat olmasına baxmayaraq, 218.6.1-ci həm də 218.6.2-ci maddələr üzrə xüsusi çəki müəyyən edilərkən, 20 000 manat (32 000 (ümümi dövriyyə) - 12 000 manat (satışdankən gəlir) əsas götürüləcək.
Misalımızda elektron qaimə-faktura üzrə təqdim olunan dövriyyə 6500 manat olduğundan ümumi dövriyyə 20 000 manat qəbul edildiyi üçün xüsüsi çəki 32,50 faiz ((6500manat / 20000 manat) x 100%) təşkil edəcək.
3) Vergi ödəyicisi elektron qaimə-faktura təqdim edilməsi mümkün olmayan vergi ödəyicisinə xidmət göstərdikdə və (və ya) mallar təqdim etdikdə proses necə tənzimlənir?
Vergi Məcəlləsinin həm 218.6.1-ci, həm də 218.6.2-ci maddələrində qeyd edilir ki, elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi əsas götürülür.
Misal. Vergi ödəyicisinin 2020-ci ilin 2-cü rübü üzrə dövriyyəsi 40 000 manatdır. Elekton qaimə-faktura ilə təqdim edilən dövriyyə isə 8000 manat təşkil edir. Vergi ödəyicisi xarici ölkənin qeyri-rezident şəxsinə 5000 manatlıq xidmət göstərib. Qeyri-rezidentə göstərilən xidmətin elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi mümkün deyil. O zaman xüsüsi çəki müəyyən edərkən, xarici ölkənin qeyri-rezident şəxsinə təqdim edilən 5000 manatlıq xidmət nəzərə alınmalıdır?
Maddənin tələbləri baxımdan xüsusi çəkini müəyyən etdikdə, cavab “Xeyr” olur, amma fikrimizcə, vergi orqanı bu halda qeyri-rezidentlə olan dövriyyəni də əsas götürəcək. Ümid edək ki, növbəti dəyişikliklərdə bu maddənin tələblərinə tam aydınlıq gətiriləcək.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda

 

 
 
 

Şərh yazın