Anar Bayramovun təqdimatında: Fərdi Sahibkarlara maliyyə dəstəyi (Aktual sualların cavabı)

Anar Bayramovun təqdimatında: Fərdi Sahibkarlara maliyyə dəstəyi (Aktual sualların cavabı)

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq, mikro sahibkarlıq subyektləri olan fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub. 

Mks.az saytının eksperti Anar Bayramov daxil olan sualları qruplaşdırıraq aşağıdakı cavabları hazırlayıb.

 Pandemiyadan əziyyət çəkən yoxsa bütün fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi olacaq?

 Rəsmi açıqlamalara əsasən, Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. Birinci mərhələdə, 3 əsas istiqamət üzrə işlər həyata keçirilir:

  • Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi;
  • Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi;
  • Vergi stimullarının verilməsi.

Göründüyü kimi, muzdlu işçilərin əməkhaqqılarının ödənilməsi istiqamətində "Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan" ifadəsindən istifadə olunsa da, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı bu məhfuma ehtiyac duyulmayıb. Amma əldə etdiyimiz məlumata əsasən, İqtisadiyyat Nazirliyi bütün fərdi (mikro) sahibkarlara müraciət imkanı yaratsa da, vergi orqanı həmin vergi ödəyicilərlə müzakirələr apararaq, onların pandemiyadan zərər görüb-görməməsini aydınlaşdıracaq. 

Hansı vergi mükələffiyəti üzrə vergi ödəyicilərinə gəlincə isə, istər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lə fəaliyyət göstərən vergi ödəciyiləri (bərbər, ofisiant, dərzi, pinəçi, saat təmir, foto xidmət və s.) istərsə də sadələşdirilmiş və ya gəlir vergi ödəyicisi olan fərdi sahibkarlar (pərakəndə ticarət (ərzaq, təsərrüfat və s. mağazası olan, konsaltinq, tərcümə və s. xidmətlər göstərlər) müraciət edə bilərlər. 

Maliyyə dəstəyi almaq üçün vergi ödəyicisi hansı sahibkarlıq tipinə uyğun olmalıdır?

Dövlət tərəfindən maliyyə dəstəyi sırf fərdi sahibkarlar üçün nəzərdə tutulub. Yəni, hüquqi şəxslər bu xidmətdən istifadə edə bilməyəcəklər.  Bundan əlavə, fərdi sahibkarın da mikro sahibkarlıq subyekti kriteriyalarına uyğun olması tələb olunur. Qeyd edək ki, Nazirlər Kabineti “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” qərarına əsasən,  işçilərinin sayı 10 nəfərə, illik gəliri 200 min manata qədər olanlar mikro sahibkarlar hesab olunur.Bir məsələni də qeyd edək ki, fərdi sahibkarın MÜTLƏQ olaraq bank hesabı olmalıdır. Bankı hesabı olmayan fərdi sahibkar isə bank hesablarının açılması barədə müraciət etməlidir.

Hansı halda fərdi sahibkara maliyyə dəstəyi olmayacaq?

İqtisadiyyat Nazirliyi fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı açıqlamasına aşağıdakı hallarda mikro sahibkarlıq subyektinə uyğun olan fərdi sahibkarlara ödənişlər həyata keçirilməyəcək:

a) 2019-cu il ərzində büdcəyə vergi ödəməsi etmədiyi halda;

Açıqlama:  Fərdi sahibkar 2019-cu ilin 4-cü rübündə fəaliyyətə başlasa da, vergi ödənişlərinin 2020-ci ilin yanvar ayında həyata keçirib. Yəni, 2019-cu ildə fəaliyyəti olmasına baxmayaraq, həmin il hər hansı ödəniş həyata keçirməyib. Bu halda fərdi sahibkar olan vergi ödəyicisinə maliyyə dəstəyi həyata keçirilməyəcək. Çünki, vergi ödəyicisinin 2019-cu il üzrə ödənişi olmayıb. Bu həm də o anlama gəlir ki, 2020-ci ildə fəaliyyətə başlayan fərdi sahibkarlara hər hansı maliyyə dəstəyi olmayacaq. 

Həmçinin fərdi sahibkar 2019-cu il üzrə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını tam ödəməlidir. Amma 2020-ci ilin müəyyən dövrü üzrə borc yaranmış və vergi və (və ya) sosial öhdəliklər üzrə borcuna görə bank hesabına sərəncam qoyulubsa, o zaman sərəncam geri götürələcək və maliyyə dəstəyi məbləği ödəniləcək.

b) vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılmış olması;

Açıqlama: Vergi ödəyicisinin 2019-cu ildə fəaliyyyəti olub və həmin ildə müəyyən məbləğdə ödəniş edib. Amma 2020-ci ilin yanvar və ya fevral ayında vergi orqanına müraciət edərək fəaliyyətini müvəqqəti dayandırır. Bu halda da dövlət tərəfindən hər hansı maliyyə dəstəyi olunmayacaq.

c) Riskli vergi ödəyicisi ilə əməliyyat aparması.

Açıqlama:  Fərdi sahibkar vergi orqanı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, riskli vergi ödəyicisi ilə əməliyyat aparıb. Dövlət tərəfindən bu cür hallarda fərdi sahibkara maliyyə dəstəyin olunması nəzərdə tutulmayıb.

Qeyd: Dövlət tərəfindən vergi ödəyicisinə aşkar edilimiş uyğunsuzluqları aradan qaldırmaq və yenidən müraciət etmək imkanı veriləcək.

Fərdi sahibkarlara maliyyə dəstəyi necə hesablanacaq?

Qeyd edək ki, dövlət tərəfindən Mikro sahibkarlıq subyektləri olan fərdi sahibkarlara maliyyə dəstəyinin necə hesablanması haqqında konkret hesablama metodu hələ hazırlanmayıb. İqtisadiyyat Nazirliyinin açıqlamasında qeyd edilir ki, bu mexanizm çərçivəsində pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə dəstəyi 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək.  Həmçinin fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250,0 manatdan az olduğu təqdirdə ona 250,0 manat məbləğində maliyyə dəstəyi göstəriləcək. maliyyə dəstəyin maksimal məbləği də 5 000 manatla məhdudlaşdırılıb.

Misal 1. Bərbər fəaliyyəti həyata keçirən fərdi sahibkar  2019-cu ildə 120 manat məbləğində vergi ödəyibsə, o zaman həmin vergi ödəyicisinə 250,0 manat məbləğində maliyyə dəstəyi göstəriləcək.

Misal 2. Turizm sahəsində fəaliyyət göstərən fərdi sahibkarın 2019-cu il tarixdə 40 000 manat məbləğində vergi ödəyib. İqtisadiyyat Nazirliyi 2019-cu ildə vergi ödənişləri 250 manatdan yüksək olan vergi ödəyiciləri üzrə konkret hesablama müəyyən edəcək. Mümkündür ki, vergi ödəyicininin 2019-cu ul ödədiyi vergi üzrə müəyyən əmsal üzrə hesablama aparılsın.

Bir daha xatırladıq ki, fərdi sahibkar onlayn kargüzarlıq vasitəsilə maliyyə dəstəyi üçün müraciət etməlidir. Müraciət qaydası ilə saytımızda yerləşdirilən yazıda tanış ola bilərsiniz:

http://www.mks.az/news/news-taxes/item/10900-ferdi-sahibkar.html

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər