Cümə axşamı, 05 Mart 2020 09:00

Kassa çeki və ya qəbz vasitəsiylə təsdiqlənən xərclərin gəlirdən çıxılması ilə bağlı 3 məqam

Anar Bayramovun müəllifi olduğu "Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.11-6.1-ci-16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.
Ümumiyyətlə, bu maddə ilə bağlı qarışıq məsələlər çoxdur, amma çalışacağıq ki, məsələ ilə bağlı geniş izahat təqdim edək. Maddə üzrə diqqət yetiriləsi 3 əsas məqam aşağıdakılardır:

1) Elektron qaimə-fakura verməsi qanunvericiliklə istisna olunan aşağıdakı fəaliyyətlər üzrə verilən qəbz gəlirdən çıxılan xərci təsdiq edir.
Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsinə əsasən, aşağıdakı şəxslər sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək hüquqna malik deyillər:
- bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;
- dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;
- notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi.
Misal. Tutaq ki, “A” MMC bank əməliyyatı həyata keçirir və bank bundan 3 manat xidmət haqqı tutaraq təsdiqedici sənəd kimi bank qəbzi təqdim edir. Artıq bu tip qəbz üzrə məbləğ vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aiddir.
Daha bir misal. Fərdi sahibkar VÖEN-in notarial təsdiqi üçün 5 manat ödəniş edir və notarius da bunun üçün qəbz təqdim edir. Artıq bu qəbz üzrə məbləğ də gəlirdən çıxılan xərclərə aid edilir.

2) 1 yanvar 2019-cu ilə qədər xidmət üzrə ödənilən xərclər bu maddəyə şamil olunmurdu.

Həmin tarixə kimi bu maddə sırf malların alışlarına tətbiq olunurdu. 1 yanvar 2019-cu ildən edilən dəyişikliyə əsasən, maddədə “malların” sözündən sonra “(işlərin, xidmətlərin)” sözləri əlavə edildi.

3) Nəzarət-kassa aparat çeki ilə yanaşı, Pos terminal vasitəsiylə ödənilən məbləğlərin yalnız qəbz olduqda gəlirdən çıxılmasına icazə verilmir.

Misal üçün, “A” MMC təşkilat üçün kooperativ kart əldə edir və ofis üçün lazim olan mallar həmin kartlar vasitəsiylə alınır. Bildiyimiz kimi, pos terminal vasitəsiylə alış-veriş zamanı əlavə olaraq nəzarət-kassa aparatı çeki də verilməlidir. Kartın bank məlumatlarında ödənişlər haqqında məlumatlar qeyd olunsa belə, “A” MMC bu malları xərcə aid etmək istəyirsə, mütləq elektron qaimə-faktura da almalıdır.

Şərh yazın