Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3,000 manat məbləğində; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qanunvericiliyin tələblərini şərh edən maliyyə eksperti Vüqar Mirheydərov diqqəti Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən 2020-ci ildən həmin maliyyə sanksiyalarının POS-terminalların quraşdırılmaması hallarına da şamil ediləcəyinə yönəldib: "Dəyişikliklərdən bəhs edərkən 58.7-ci maddənin yeni redaksiyada verilməsini xatırlatmaq lazımdır. Dəyişikliyə əsasən, həmin maddədə müəyyən olunmuş siyahiya POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsi də əlavə olunub.

Bəlkə də bu qərar kimlər üçünsə çox radikal görünə bilər, ancaq mən vergi ödəyicilərini nağdsız ödənişlərə keçməyə inandırmaq üçün bunu daha rasional üsul hesab edirəm".

Vergi Məcəlləsinə edilən yeni dəyişikliklər qüvvəyə mindikdən sonra nağdsız ödənişlərdən imtina edən vergi ödəyicilərinin ciddi şəkildə cərimələnəcəklər. Bundan qaçmaq üçün pərakəndə ticarət və ictimai iaşə obyektlərində POS-terminalların sayı artaracaq: "Xatırlayırsınızsa, 2012-ci ildə, "Eurovision" mahnı müsabiqəsinin Bakıda keçirilməsi ərəfəsində, demək olar ki, bütün ticarət və xidmət obyektlərində POS-terminallar quraşdırılmışdı. Lakin sonradan bu cihazın bir çoxu istifadə olunmadı. Həmin apartalarla ödənişlər qəbul edildikdə dövriyyəni gizlətmək olmurdu. Bu isə intizamsız vergi ödəyiciləri üçün “sərfəli” deyildi. Ona görə də POS-terminalların tətbqi üçün cərimələrin tətbiqinə üstünlük verilib".

V.Mirheydərovun sözlərinə görə, vergi orqanlarının bütün səylərinə baxmayaraq yerli vergi ödəyicilərinin bir qisminin vergi mədəniyyəti hələ də istənilən səviyyədə deyil. Ona görə də nağsdız ödənişlərə keçmək üçün cərimələrin tətbiqi qaçılmazdır.

Fərqanə ALLAHVERDİQIZI

Vergiler.az

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.