Çərşənbə axşamı, 05 Noyabr 2019 07:54

Vazeh Cəminin təqdimatında: Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar üçün yeni dönəm

Vazeh Cəmi, hüquqşunas

2020-ci ilin yanvar ayının 1-dən etibarən kənd təsərrüfatı ilə məşğul olan sahibkarlıq subyektlərinin fəaliyyətində yeni dönəm başlayır. 1 yanvar 2019-cu ildə Vergi Məcəlləsində və “Sosial Sığorta haqında” Azərbaycan Respublikası Qanununda və digər qanunvericilik aktlarında edilmiş dəyişikliklərə nəzər yetirsək, görərik ki, dəyişikliklər müvafiq qanunvericilik aktlarında mövcud olan boşluğun aradan qaldırılması məqsədi daşıyır. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ilkin istehsalçıların satışdan əldə etdikləri gəlirin vergidən azad olunması onları nəinki uçotu aparmamağa, hətta vergi ödəyicisi kimi qeydiyyata durmamağa sövq edib. Kənd təsərrüfatında fəaliyyətin qeyri-rəsmiliyi onların dövlət qurumları ilə rəsmi münasibətlərinə də mənfi təsir göstərib.

Sadə şəkildə ifadə etsək, kənd təsərrüfatı sahəsində fəaliyyəti olan bir subyektin vergi ödəyicisi kimi uçota durmaması onun digər təsərrüfat subyektləri ilə müqavilələr bağlamasına da imkan verməyib. Məsələn, suvarmanı həyata keçirən SİB-lərlə və ya dövlət qurumları ilə müqavilənin olmaması qarşı tərəfi hansısa öhdəlik götürməkdən yayındırıb. Bu da təyinatı bəlli olmayan ödənişlərin tələb olunmasına imkan verib.
Başqa bir nümunə. Təşkilati-hüquqi formasından asılı olmayaraq dərman preparatlarını satan təşkilatlarla müqavilənin yoxluğu onlarda hər hansı məsuliyyət, öhdəlik doğurmadığından kənd təsərrüfatı subyektlərinə saxta preparatların təqdim edilməsinə imkan yaradıb.
Və yaxud kənd təsərrüfatı texnikaları ilə agrotexniki xidmətlərin göstərilməsi sahəsində münasibətlərin müqavilələrlə rəsmiləşdirilməməsi nəticəsində xidmətin səviyyəsi aşağı düşüb.
Kənd təsərrüfatı sektorunda çalışan işçilərlə əmək müqavilələrinin bağlanılmaması isə onları əmək və sığorta stajından, fərdi sahibkarlıq subyektinin özünü isə sığorta stajından məhrum edib.
Kənd təsərrüfatı subyektlərinin bank kreditlərinin alınması üçün etdiyi müraciətlərinə də əksər hallarda haqlı olaraq imtina verilib.
Bunlardan əlavə, kənd təsərrüfatı sahəsində rəsmiləşdirmələr mövcud olmadıqca fermerlər öz adlarına kommersiya məqsədləri üçün kənd təsərrüfatı nəqliyyatı vasitələrini və digər malları idxal və istehsal etdikləri kənd təsərrüfatı məhsullarını öz adlarından ixrac edə bilməyəcəklər, debitorları, iş icraçıları, işçi qüvvəsi və ya digər kreditorlarla yaranmış problemləri məhkəmə müstəvisində həll etməyə çətinlik çəkəcəklər.
Sadalanan problemlərin həlli vergi uçotundan başlayır ki, kənd təsərrüfatı subyektinin müvafiq sahibkarlıq fəaliyyəti ölkə daxilində və ölkə xaricində tanınsın. Odur ki, aparılan islahatların bu sahəyə verəcək töhfələri qaçılmazdır. 2019-cu ilin yanvar ayının 1-dən etibarən kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hər bir şəxs mülki qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə etməsi üçün vergi uçotuna durmalı, mal və xidmət satıcıları ilə münasibətlərini rəsmiləşdirməli, gəlirlərinin və xərclərinin uçotunu aparmalıdırlar.
Qeyd etdim ki, kənd təsərrüfatı sahəsində fəaliyyətdən əldə olunan gəlirdən vergi tutulmur. Üstəlik, bu sahə üzrə fəaliyyət göstərən şəxslər “neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisi” adı altında uçota alındıqlarından əmək müqaviləsi ilə işə götürdükləri işçilərin əmək haqlarından tutulan muzdlu işlə bağlı ödəmə mənbəyində vergidən də azaddırlar. Hər bir işçisinə görə əmək haqqına mütənasib faiz dərəcəsində sosial sığorta haqqını və işsizlikdən sığorta haqqını ödəməyə, işçilərin İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamağa borcludurlar.
2020-ci ilin yanvar ayının 1-dən etibarən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, yəni mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əmək haqqının 6 faizi miqdarında hər bir ay üçün məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir.
Yekunda bir daha qeyd etmək istəyirəm ki, islahatlar kənd təsərrüfatı sahəsinin inkişafı, kölgə iqtisadiyyatı ilə mübarizənin gücləndirilməsi istiqamətində atılmış addımdır ki, gələcəkdə bu sektorun mövcud vəziyyəti haqqında dövlət qurumlarında müvafiq statistik bazanın formalaşmasına və bu sektorda uçotun qurulmasına imkan verəcək.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın